Emil Balayev: “Bizdən ümidlərini kəsməsinlər”

17:00 29 İyun 2023

“Neftçi”yə qayıdanda məndə nostalji hisslər yarandı. Çünki buranın akademiyasında böyümüşəm, sonradan əsas komandasında oynamışam”.

Sportarena.az xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Emil Balayev klubun televiziyasına açıqlamasında deyib.

29 yaşlı qolkiper 2011-2015-ci illər aralığında “ağ-qaralar”da keçirdiyi günləri xatırlayıb: “Neftçi”də olduğum ilk dönəmdə Azərbaycan futbol tarixində yeni səhifə açdıq, Avropa Liqasının qrupuna vəsiqə qazandıq. 15-20 də keçsə, bunlar əvəzolunmaz hisslər kimi qalacaq”.

Milli komandamızın üzvü “Neftçi”nin hazırkı qapıçı heyəti ilə maraqlı rəqabət içində olacağıni düşünür: “Rəqabət olmayan yerdə inkişaf getməz. Belə səviyyəli qapıçılarla bir yerdə işləmək mənə də xoşdur. Komandada çox istedadlı gənc qolkiperlər də var. Məsələn, Rza Cəfərov çox yaxşı qapıçıdır. Mən özüm “Neftçi”də olanda 18-19 yaşım var idi. Saşa Stamenkoviç, Rauf Mehdiyev kimi qapıçılarla eyni komandada yer alırdım. Onların təcrübəsindən yararlanmağa, öyrənməyə çalışırdım. İndiki qapıçı kollektivində də maraqlı, sağlam rəqabət olacaq”.

Balayev “Neftçi” azarkeşlərindən dəstək istəyib: “Azarkeşlər heç nəyə baxmayaraq, həmişə bizim arxamızda olsunlar. Onsuz da, həmişə bizi dəstəkləyiblər. Hər bir enişdən sonra yüksəliş var. Fikirləşirəm ki, hamımız bir yumruq kimi birləşib, “Neftçi”nin keçmiş uğurlarını təkrarlaya biləcəyik. Nə olur-olsun, azarkeşlər bizdən ümidlərini kəsməsinlər”.

Qeyd edək ki, Emil Balayev “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. 


Digər xəbərlər

Xəbər xətti