"Bizi ağır matç gözlədiyini bilirdik. Rəqib təcrübəli komandadır. Cavab görüşündə daha yaxşısını etməyə çalışacağıq".
Sportarena.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə Kipr "Omoniya"sına 2:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis heyətlərinin geniş olmadığını söyləyib: "Bu rəqibə qarşı oynamaq olar. Ruhdan düşmürük. Bu qədər azarkeşin tribunalarda yer alması sevindiricidir. Çempionat qarşılaşmasında da belə olmasını istəyirik".
Baxşıyev oyun keyfiyyətini bəyəndiyini bildirib: "Bu matçı analiz edib qarşıdakı görüşə hazırlaşacağıq. Qapıçını dəyişmək fikrimiz yoxdur. Ona inanırıq. Roman Bezusun da keyfiyyətli futbolçu olduğunu bilirdik".
Baş məşqçi qapılarına təyin olunan penalti ilə bağlı da danışıb: "Bizim çempionatda belə epizodlara 11 metrlik cərimə zərbəsi vermirlər. Bunun üzərində çox qalmaq istəmirəm. Futbolçulara inanıram. Kiprdə layiqli mübarizə aparacağımıza ümid edirəm". (Report)