“Birinci oyuna görə pis deyildik. Görüş bir az ağır keçdi. Necə izah edəcəyimi bilmirəm. Dalğavari deyə bilərəm”.
Sportarena.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın I turunda “Səbail” üzərində səfərdə 4:1 hesablı qələbə qazandıqları oyunu dəyərləndirərkən deyib.
45 yaşlı mütəxəssis komandasından razılıqla danışıb: “Bərabər gücdə olan komandaların duelində əsasən mübarizə tələb olunur. Bu gün mübarizədən biz qalib ayrıldıq. Bəzi anlarda üstünlüyü rəqibə verdik. Ancaq müdafiəçilərimiz həmin dəqiqələrdə düzgün oynadılar”.
Abasov kollektivin hələ tam formalaşmadığını söyləyib: “Komandanın nə dərəcədə hazır olması məni narahat edirdi. Elə futbolçular var ki, 10 günlük məşqdən sonra meydana çıxmışdılar. Fiziki baxımdan hələ tam balanslı deyilik. Taktiki baxımdan da çəkdiyimiz əziyyət məlumdu. Kollektivə yeni qoşulanlar var. Yavaş-yavaş bunlar düzələcək”.
O, penaltini Erik Sorqanın yerinə yetirməsinə də münasibət bildirib: “İlk oyunda penalti qazanacağımıza ümid etməmişdim. Penalti zamanı əksər hallarda topu hücumçular götürür. Ona görə də, kim ürəklidisə, o da zərbəni vuracaq”.
Baş məşqçi sonda yeni transferlər olacağını da sözlərinə əlavə edib.