"1-2 oyunçu gətirmək istəyirik" - Rəşad Sadıqov

01:18 6 Avqust 2023

“Qarabağ”la ilk oyunda səfərdə üz-üzə gəlmək istəməzdik. Amma uğurlu alındı”.

Sportarena.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının I turunda “Qarabağ”ı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis “Azersun Arena”dakı qarşılaşmanın ardından mətbuat konfransında qalibiyyəti dəyərləndirib: “İdeal formada deyilik. Amma oyun bizim üçün uğurlu alındı. “Qarabağ”ın heyətində dəyişikliklər var idi. İlk yarıda daha inamlı çıxış etdik. Qol vurduqdan sonra rəqib dəyişikliklər etdi, hücuma atıldı. Daha çox mübarizə aparıb əks-hücumda rəqibi gözləyirdik. Əks-hücumlarda effektli ola bilmədik. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm. Narahatlıq var idi ki, 70-ci dəqiqədən sonra çatdırmarıq. 4-5 turdan sonra ideal fiziki formada olacağıq. Amma oyunçularım xarakter göstərdilər”.

- Bu, “Qarabağ” üzərində tarixdə ilk qələbənizdi. Sizin üçün xüsusidi?

- Xüsusi hiss var. Amma qarışıqdı. “Qarabağ”a qarşı oyunlarda həmişə qəribə hisslər olur. Uzun illər burada oynamışam. Təbii ki, bu komandaya qarşı oyunlar mənim üçün həssas olur. “Zirə”nin “Qarabağ” üzərində ilk qələbəsidi. Camiə üçün sevindiricidi. Rəhbərliyimizi, futbolçuları təbrik edirəm.

- “Zirə”nin fəxri-prezidenti Orxan Məmmədov yeni transfer üzərində çalışdıqlarını bildirib...

- 1-2 oyunçu gətirmək istəyirik. Hələ ki, bir neçə futbolçu ilə danışıq aparırıq. İrəliləyiş yoxdu. Olmasa da, indiki oyunçularla davam edəcəyik. Heyətdən, komandadan razıyam. Sadəcə heyəti genişləndirmək istəyirik.

- Ruan Renato ən yaxşı transferlərdən biri hesab edilir. Müdafiə xəttiniz düzəlib, hücum haqda hansı fikirdəsiniz?

- Toplanış zamanı 2 hücumameyilli oyunçu zədələndi. Rəhim Sadıxov da zədələnib. Onu daha çox sol cinahda oynadacağıq. Eldar Quliyevi həmin mövqedə oynatdıq. Hücum xəttində oyunçuya ehtiyac var. Ruan da yaxşı oynadı. Onun liderlik keyfiyyətini görürdüm. 100 futbolçudan birində bu xüsusiyyət olur. Ruan məşqdə, oyunda futbolçuları motivasiya etməyi bacarır. Bu da effektini göstərir. Hücumda güclənmək istəyirik.

- Sabiq komandanıza qalib gəldiyiniz üçün məyusluq var?

- Məyusluq deməzdim. Aşırı şəkildə sevinc də yoxdu. Biz yaxınıq, münasibətlərimiz hamıya bəllidi. Amma hər zaman çalışırıq ki, ədaləti qoruyub saxlayaq. Əvvəllər də belə olub, indi də olacaq. Oyundan əvvəl bir-birimizə uğurlar arzulayırıq. Sona qədər də belə davam edəcək.

- Çoxları mövsümün maraqlı keçəcəyini deyir. Siz necə düşünürsüz?

- Hamımız fikirləşirik ki, bu mövsüm son illərin ən gərgin liqası olacaq. İlk turlar da bunu göstərir. Məncə, hamı üçün maraqlı olacaq. İstərdim ki, proseslər ədalətli şəkildə getsin. Hakimlərin boynuna böyük yük düşəcək. Gərginliyi yatızıdırıb, oyunu ədalətli idarə etmək baxımından işləri asan olmayacaq. 


Digər xəbərlər

Xəbər xətti