"Komanda yorğun idi. Üç gündən bir oynamağa hələ hazır deyilik".
Sportarena.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu Gəncədə "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın ilk tur oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis ilk hissədə yaratdıqları epizodları qola çevirə bilmədiklərini söyləyib: "Böyük səhvimizdən sonra penalti oldu. Rəqib bizi cəzalandırdı. Yenə deyirəm, üç gündən bir oynamaq çətindir. Xüsusilə, belə isti havada. Ona görə düşünürəm ki, çətin olacaq".
O, Bakıda Türkiyə "Beşiktaş"ına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ancaq qələbə haqqında düşünəcəklərini bildirib: "Bu gün məğlubiyyətə də, qələbəyə də layiq deyildik. Bərabərlik ədalətli nəticə olardı. "Kəpəz"i təbrik edirəm".
Mutu Türkiyənin "Qalatasaray" komandasında çıxış edən Olimpiu Morutsanın "Neftçi"nin transfer siyahısında olmadığını vurğulayıb. (Report)