"100-də 100 şanslarımız olsa da, istifadə edə bilmədik" - Qurban Qurbanov

23:06 10 Avqust 2023

“Futbolçularımı təbrik etmək istəyirəm. Gərgin oyun alındı. Sonda qalibiyyət bizim oldu. Çox ciddi rəqibə qarşı oynayırdıq”.

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş Qurban Qurbanov UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda HİK-i 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Finlandiya çempionu üzərində vacib qələbə qazandıqlarını bildirib: “Hava həddindən artıq isti idi. Belə bir havada futbolçular sona kimi dözdülər. Dinamikanı çox qaldıra bimədik. Bizim üçün vacib qələbə idi. Azarkeşlərimizə təşəkkür edirəm. Sona kimi komandaya güvəndilər”.

Qurbanov rəqibin qapıya endirdiyi 7 zərbənin hamısının çərçivəyə getməsinə belə münasinət bildirib: “Düzünü desəm, qapıya gedən zərbələri saymadım. Əsas qol epizodlarımız idi. 100-də 100 şanslarımız olsa da, istifadə edə bilmədik. Futbolçularımı başa düşürəm. İstər-istəməz gərginlik var idi. Həyəcan hiss olunurdu. İnşallah, futbolçular cavab oyununda daha yaxşı oyun göstərərlər və qol epizodlarından daha dəqiq istifadə edərlər”.

“Qarabağ”ın baş məşqçisi cavab oyunu öncəsi üstünlük qazandıqlarını qeyd edib: “Qələbə qazanmaq üstünlükdür. Qalibiyyət futbolçulara inam verir. Qol buraxandan sonra yenidən fərqlənmək çox vacib idi. Hesabda öndə olarkən də bir neçə şansımız var idi. Lakin istifadə edə bilmədik və rəqib fərqləndi. Bugünkü qələbə sayəsində cavab matçı öncəsi üstünlük əldə etdik. Dediyim kimi, ikinci matçda daha yaxşı oynamağa çalışacağıq”.

Qurban Qurbanov sonda bu gün Konfrans Liqasının 3-cü mərhələsinin ilk oyununda “Partizan”ı məğlub edən “Sabah”a təbriklərini çatdırıb: “2:0 hesablı qələbə qazandılar. Yaxşı qalibiyyət əldə etdilər və ölkəmizin reytinq xallarını yaxşılaşdıracaqlar. Bu münasibətlə onları təbrik edirəm. Cavab oyununda da uğurlar arzulayıram”. 

 


Digər xəbərlər

Xəbər xətti