“Çətin oyun oldu, güclü rəqiblə qarşılaşırdıq. Çalışdıq ki, sona qədər mübarizədə olaq”.
Sportarena.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la keçirilən ilk oyun barədə danışarkən deyib.
Rumıniyalı çalışdırıcı “Neftçi Arena”da komandasının 1:3 hesabı ilə məğlub olduğu görüş barədə mətbuat konfransında fikirlərini bölüşüb:
“Birinci hissədə “Beşiktaş” daha güclü idi. Amma ikinci hissədə biz daha fəal oynadıq, qol imkanları yaratdıq. Bəxtimiz gətirsəydi, ikinci qolu da vurardıq. Qapımızda buraxdığımız üçüncü qolu rəqibə hədiyyə etdik. Orada Koffinin səhvi oldu. Amma o da zədədən təzə qayıdıb”.
Baş məşqçi start heyət seçimində yanılmadığını düşünür: “Start heyətində yanıldığımı deməzdim. Əlimizdəki oyunçularla çıxış etdik. Məsələn, Olanare dünən kollektivə qoşulub, hələ gücünün 30 faizində deyil. Koffi də zədələnmişdi, yeni sağalıb. Təəssüf ki, Eddi İsrafilov, Ömər Buludov zədəli idilər. Kim daha yaxşı durumda idi, onlara da şans verdim. Bu cür rəqiblərlə görüşdən qopmamaq üçün daha çox qaçmalısan. Zədədən sağalan oyunçuları ikinci hissədə meydana buraxmağı planlaşdırırdım. Çünki ən yaxşı məşq oyundur. Oynayarkən fiziki durumun daha sürətlə yaxşılaşır. Fasilədən sonra bəzi futbolçuları 45 dəqiqə meydanda oynatmağa məcbur idim. Hətta zədələnmələrindən ehtiyatlanırdım. Zədələnməmələri bizim üçün sevindirici oldu”.
O, bəzi oyunçuların hələ tam hazır olmadığını vurğulayıb: “Beşiktaş”la cavab görüşünə hələ bir həftə vaxt var, indidən nəsə demək çətindir. Bu, qurmaq istədiyim heyətin hələ 30 faizidir. Yeni transferlər etməyə çalışırıq. Eyni zamanda heyətdəki oyunçuları yaxşı fiziki duruma çatdırmaq üzərində işləyirik. Qarşıdakı matçlarda seçimlərimizdə diqqətli olmalıyıq. Çünki üç gündən bir oynamaq zədə riskini artırır. Yüz faiz hazır olmadıqda zədə almaq ehtimalı daha da çoxalır. Bizim üçün İstanbuldakı oyun çox vacibdir. Ora yalnız qələbə qazanmaq üçün gedəcəyik”.
Mutu komandasının ikinci hissədəki performansından məmnunluqla danışıb: “Birinci hissə emosiya dolu keçdi. “Beşiktaş”ın yox, yalnız “Neftçi” azarkeşlərinin səsini eşidirdim. İkinci hissədəki çıxışımızdan çox xoşum gəldi. Sona qədər mübarizə apardıq. Biz təkcə avrokubok yox, çempionat oyunlarını da düşünməliyik. Çünki qarşımızda böyük hədəflərimiz var”.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 17-də İstanbulda oynanılacaq.