“Gənc futbolçuyam, peşəkar karyerama bu yaxınlarda başlamışam. Böyük liqalarda çıxış edən komandalar mənimlə maraqlanırdılar. Amma hiss etdim ki “Yurqorden” Avropada ilk addımı atmaq baxımından daha yaxşıdı”.
Sportarena.az xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunun hücumçusu Musa Qurbanlı yerli mətbuata müsahibəsində deyib.
İsveç və Azərbaycan çempionatlarını müqayisə edən 21 yaşlı futbolçu Allsvenskanı üstün hesab edib: “Məncə, burada liqa kifayət qədər güclüdü. Əvvəllər “Qarabağ”da oynamışam, onlar kifayət qədər yaxşı komandadılar. Amma liqa olaraq Allsvenskan Azərbaycan Premyer Liqasından daha yaxşıdı. Bütün matçlar çətin keçir. Turnir cədvəlində iddialı komandaların aşağı pillələrdəki komandalar önündə çətinlik çəkmələrindən bunu görə bilərsiniz”.
Millimizin üzvü Stokholm klubunun baş məşqçiləri Kim Berqstrand və Tomas Laqerlöfün ünvanına tərif yağdırıb: “Cəmi bir aydı buradayam, amma deyə bilərəm ki, onlar yaxşı məşqçidilər, fəlsəfələrini bəyənirəm. Onlar topun komandada qalmasını, hücumların gücləndirilməsini tələb edirlər, bunun üçün yüksək təzyiq göstərirlər. Belə futbol oynamağı xoşlayıram”.
Musa hazırda “Qarabağ”ı çalışdıran atası Qurban Qurbanov barədə də fikirlərini bildirib: “O, həm insan, həm də futbolçu kimi mənim üçün nümunədi. Tək mənim yox, ölkəmizdəki digər gənc futbolçular üçün də örnəkdi. Yalnız futbol uğurlarına görə deyil, həm də şəxsiyyətinə, xarakterinə görə. Atam ölkəmiz və futbolumuz üçün çox şey edib. Uşaqlıqdan mənə hər şeyi öyrədib. O, mənim üçün, demək olar ki, hər şey deməkdi”.
Qeyd edək ki, yay fasiləsində “Qarabağ”dan “Yurqorden”ə keçən Musa Qurbanlı yeni komandasında hələ qol “siftə”sini etməyib.