"Beşiktaş" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah doğma meydanda "Neftçi"ni qəbul edəcək.
Sportarena.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş açıqlamalar verib. 71 yaşlı mütəxəssis qələbə qazanaraq mərhələni keçmək istədiklərini bildirib:
"Mövsümə yeni başlamışıq. Getdikcə oyun qrafikimiz sıxlaşacaq. Üç gündən bir oynayacağıq. Hər hansı problemimiz yoxdur. 3:1 hesablı üstünlüyümüz var, amma hələ heç nəyi təmin etməmişik. Matçlar oynamadan qazanılmır. Heyətlə bağlı əlimizdəki futbolçuların durumuna görə qərar verəcəyik. "Neftçi" topla yaxşı oynayan texnikalı komandadır. Öz oyunumuzu oynayıb mərhələni keçmək istəyirik. Omar Kollinin çiynində zədəsi var. Raşid Qezzalın ailəsi qəza keçirib. Buna görə də Fransaya gedib. Ümid edirəm maraqlı matç olar və qələbə qazanaraq növbəti mərhələyə yüksələrik".
Qeyd edək ki, "Beşiktaş" - "Neftçi" qarşılaşması sabah Bakı vaxtilə saat 22:00-da start götürəcək.