Misli Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, “Qarabağ” “Kəpəz” ilə qarşılaşıb - 1:1. Ev sahibi komandasının baş məşqçisi Qurban Qurbanov görüş haqqında danışıb:
“Kəpəz”i təbrik edirəm. Yaxşı mübarizə apardılar. Son vaxtlar sıx qrafik keçiririk. Bu, futboldur. Bəzən düşünmədiyin nəticələr qeydə alınır. Qarşıda bizi çətin oyun gözləyir. Hər şeyi qaydasına salmalıyıq ki, “Olimpiya” ilə cavab matçında istədiyimiz nəticəni qazanaq.
Musanın nəticələrinə görə yalnız sevinirəm. Onların bu gün keçirilən oyunlarına baxmamışam. Təkcə oğlum kimi yox, azərbaycanlı kimi onun uğurlarına sevinirəm.
İnanıram ki, ölkə adına qazanacağımız xalların sayı çoxalar. “Sabah” klubu bu mövsüm az xal qazanmadı. Oyunlarımız çox oldu, qələbələrimiz oldu və xallar qazana bildik. Çox istərdim ki, qarşıdakı illərdə daha yaxşı nəticə əldə edə bilərik. Klublarımızın sayı çoxalır və onlar inkişaf edirlər.
Kadi Borgeslə danışıqlar aparmırıq. Luka Quqeşaşvilinin də komandanı tərk edəcəyi ilə bağlı heç bir məlumat sahibi deyiləm.
“Zirə”nin turnir cədvəlində lider olmasına sevinirəm. Onlar çox əziyyət çəkirlər. Həm rəhbərlik, həm də Rəşad futbolumuza fayda vermək üçün çalışırlar. İstənilən oyunda istənilən nəticə qeydə alına bilər. Çempionat hələ yeni başlayıb.
4 oyuna 7 xal qazanmağı normal qarşılayıram. Situasiyanı da nəzərə almalıyıq. Futbolçuların üzərinə həddindən artıq çox yük düşür. Qarşıdakı oyunlarda hər şey daha yaxşı olacaq. Xal itkiləri olanda sevinirəm. Çünki futbolçuları daha yaxşı hazırlaşdırmaq olur. Andrey Lunyovun ilk çıxışı mənə görə normaldır. İnanıram ki, qarşıdakı turlarda daha yaxşı olacaq”.