Azər Məmmədov: "Qarabağ" və "Neftçi" ilə matçlarda qazandığımız xallar gözlənilməz idi"

00:48 28 Avqust 2023

Misli Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, “Qarabağ” “Kəpəz” ilə qarşılaşıb - 1:1. Qonaqların baş məşqçisi Azər Məmmədov görüş haqqında danışıb:

- İlk növbədə demək istəyirəm ki, Allah Şəhriyar Rəhimova rəhmət etsin. Oyuna gəldikdə, "Qarabağ" Azərbaycanın bir nömrəli komandasıdır. Azərbaycanı Avropada bu cür möhtəşəm təmsil etdiyinə görə, "Kəpəz" adından "Qarabağ" rəhbərliyinə, Qurban Qurbanova təşəkkür etmək istəyirəm. Onlar bizi Avropada tanıdırlar. Matçın favoriti "Qarabağ" idi. Gözlənilən o idi ki, onlar qalib gələcək. Amma futboldur. Futbol getdikcə dünyada bərabərləşir. Futbolçularımın bu gün möhtəşəm oyununu xüsusi qeyd etməliyəm. Oyun intizamından çıxmadılar. Nə tapşırıq vermişdiksə, yerinə yetirdilər. Bəzi çatışmazlıqlar olurdu. Oyunu əks-hücumlarda qurmuşduq. Bunlardan birində qolumuzu vurduq. Gəncədən bura gəlib, bizi tək qoymayan azarkeşlərimizə də təşəkkür etmək istəyirəm. Düşünürdüm ki, "Qarabağ"la matçda uğurlu nəticə olsa, azarkeşlərimiz üçün daha çox sevinc olacaq. Məncə, bunu edə bildik.

- Sizin üçün qələbəyə bərabərə nəticə saymaq olar? Özü də, ciddi itkilərlə meydana çıxdığınız görüşdə bunu etdiniz...

- Futbolçularımızın mübariz olmağını xüsusi qeyd edərdim. Onlar kollektiv şəkildə çalışırlar. Meydanda mübarizə aparırlar. Rəqiblərdən "klass" olaraq geri qalırıq. Biz heç kimə asan təslim olmuruq. "Qarabağ"la matçda bir, "Neftçi"yə qarşı görüşdə üç xal qazanmışıq. Əsas rəqiblərimiz var ki, fikirləşirdik onlardan xal götürək. "Qarabağ" və "Neftçi" ilə matçlarda qazandığımız xallar mənim üçün gözlənilməz idi. Bunlar mövsümün sonunda komandamız üçün faydalı xallar olacaq.

- Rüfət Əhmədovu dəyişəndə məğlubiyyətlə barışmışdız?

- Xeyr, barışmamışdıq. Bizdə futbolçu qıtlığı var ki, rotasiyalar edə bilmirik. Rüfətlə rəqabət üçün Vüsal Məsimovu transfer etmişik. Qarşıda bizi "Araz-Naxçıvan"la görüş gözləyir. Rüfət sarı vərəqə ilə cəzalandırılmışdı. Qorxdum ki, ikincini alar və "Araz-Naxçıvan"la oyunu buraxar. Bu futbolçu bizə həmin oyunda lazımdır. Dəyişikliyi ona görə etdim. 


Digər xəbərlər

Xəbər xətti