Misli Premyer Liqasının 5-ci turunun “Sumqayıt”la səfər oyunu “Neftçi”nin üç futbolçusu üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, Bakı klubunun üzvləri “ağ-qaralar”ın heyətində yubiley qeyd ediblər.
Emin Mahmudov “Neftçi”də 200-cü oyununu keçirib. 31 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının V turuna təsadüf edib. O, kapitanı olduğu komandanın “Sumqayıt”la səfər görüşünə start heyətində çıxıb. Emin 200 qarşılaşmada 51 qol vurub. O, Premyer Liqada 158 (38 qol), Azərbaycan kubokunda 17 (4 qol), avrokuboklarda 25 (9 qol) dəfə “ağ-qaralar”ın formasını geyinib. Mahmudov 2017/18 mövsümündən “Neftçi”də çıxış edir. Onun debütü 2017-ci il sentyabrın 24-də “Qəbələ” ilə Premyer Liqanın səfər matçında (1:2) gerçəkləşib.
Rəhman Hacıyev Bakı klubunda 150-ci çempionat matçına çıxıb. O, bu görüşlərdə 15 qol vurub. 30 yaşlı yarımmüdafiəçi 2014/15 mövsümündən fasilələrlə paytaxt təmsilçisində forma geyinib. Onun debütü 2015-ci il fevralın 6-da “Simurq”la ev oyununda (0:0) gerçəkləşib.
İsmayıl Züıfüqarlı isə Premyer Liqada “50”yə çatıb. Yalnız “Neftçi”də forma geyinən 22 yaşlı yarımmüdafiəçi çempionatda 3 qol vurub. O, 2019/20 mövsümündə debüt edib. Gənc futbolçu 2019-cu il avqustun 19-da “Sabah”a qarşı (1:1) forma geyinib.(pfl.az)