"İstənilən oyunçunu meydana buraxmağa çəkinməyəcəyik" - Qurban Qurbanov

23:20 17 Sentyabr 2023

“Bəzən risklərə getməliyik ki, xal ehtiyatımızı yaxşılaşdıraq”.

Sportarena.az xəbər verir ki, bu sözləri dogma meydanda “Sabah”ı 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib:

- Vacib qələbə idi. Şükürlər olsun, futbolçular özlərini tam yaxşı tərəfdən göstərdilər. Oyunçuların fikrinin bu oyunda olmağı vacib idi. Son vaxtlar dəyişik çempionat oldu. Heç bir rəqibə fərq qoymuruq. Bu gün bütün komandaların gücü bəllidir. İstənilən rəqib bir-birinə qalib gələ bilər. Sadəcə bizim sıx qrafikimiz var. Futbolçuları nə qədər hazırlamağa çalışsaq da, yorğunluq fonunda çətindir. Rotasiyalar çox edirik. Bəzi oyunçuları meydana da buraxmırıq. Oyunçuları qorumaq istəyirik. Belə qrafikdə olmağımız ilk deyil. Sadəcə bu il zədəlilərimiz çox idi. İtkilər komandaya zərbədir. Qarşıdakı oyunlarda daha ciddi olmalıyıq. Bəzən risklərə getməliyik ki, xal ehtiyatımızı yaxşılaşdıraq. Hər məğlubiyyət, heç-heçə bizə zərbə ola bilər. Amin Ramazanov gənc olsa da, az oyunda iştirak etməyib. Ona güvənirik, nə qədər çox matça çıxsa, yaxşıdır. İstənilən oyunçunu meydana buraxmağa çəkinməyəcəyik. Ehtiyac olarsa, istifadə edəcəyik. Ehtimal ki, transfer məsələsi artıq bitib. Çünki bundan sonra ancaq azad agent olan oyunçunu götürə bilərik və onun da formasının hansı səviyyədə olduğu sual altındadır. Ola bilər, dekabra qədər transfer olmasın. Ancaq yeni oyunçu istərdim. Gözləyəcəyik, axtarışda olacağıq.


- Şahruddin Məhəmmədəliyevin "Adana Demirspor"a keçidi necə baş tutdu?
- Özü və klub üçün yaxşı təklif oldu. Qarşılıqlı razılaşdıq və qərara gəldik ki, getməsinə şərait yaradaq. Türkiyə Super Liqasına Azərbaycandan, "Qarabağ"dan oyunçu gedirsə, buna sevinməliyik. Son vaxtlar böyük "bazar"a girmişik. Artıq Azərbaycan futboluna maraq çoxalıb. Kadi Borges Rusiyaya, İbrahima Vadji Fransaya getdi. Onların getdikləri yerdə bizdən, ölkədən danışması faydalıdır. Bu, bütün oyunçular üçün yaxşıdır. Azərbaycan futboluna maraq artır, təkliflər çoxalır. Hər oyunçuya təşəkkür edirəm. Hər futbolçu öz səhvini başa düşməli və təkrarlamamalıdır. Bu, futbolçulardan tələbimizdir. 


Xəbər xətti