“Dünən və bu gün pis hazırlıq keçmədik. Yaxşı rəqibə qarşı oynayacağıq. “Hakken”in öz xüsusi oyun üslubu var. Bizim üçün vacib matçlardan biridir. Futbolçulara rəqib haqda daha ətraflı məlumat verəcəyik. Vaxtımız var”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İsveçin “Hekken” klubu ilə oyun üçün səfərə yollanarkən jurnalistlərə açıqlamasında deyib.
Q.Qurbanov heyətlə bağlı problemlərin olduğunu bildirib: “Bəhlul Mustafazadə, Marko Veşoviç zədəlidir. Redon Cica düzdür komanda ilə məşqlərə başlayıb, amma hələ tam hazır deyil. Bir-iki mikrozədəlilərimiz var. Onlar qarşıdakı günlərdə hazır olmalıdır”.
Qeyd edək ki, oktyabrın 5-i oynanılacaq “Hakken” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.