"Qalatasaray" Çempionlar Liqası qrup mərhələsinin ikinci turunda səfərdə "Mançester Yunayted"i 3:2 hesabl ilə məğlub edib.
Sportarena.az xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Okan buruk qarşılaşmadan sonra açıqlama verib. 50 yaşlı mütəxəssis "Old Trafford"da qələbə qazanmağın türk futbolçu üçün önəmli olduğunu bildirib:
"Səhv etmirəmsə, "Qalatasaray"ın "Mançester Yunayted"ə qarşı ilk qələbəsidir. Mən "Başakşəhər"də çalışarkən qalib gəlmişdim. Oynadıq, çəkinmədik. Rəqibimizə yaxın statistikalara çatdıq. "Mançester Yunayted" səfərində edə biləcəyimizin ən yaxşısı budur. Xoşbəxtik, qrupdan çıxmaq istəyirik. Çox vaxtımız yoxdur, "Antalyaspor"la oyunumuz var. Bir günlük istirahətdən sonra məşqlərə başlayacağıq.
Səfərdə "Mançester Yunayted"i məğlub etdik, 4 xalla qrupda ikinciyik. Ən böyük xoşbəxtliyimiz bir türk klubunun "Old Trafford"da qələbə qazanmasıdır. Bu, türk futbolçu üçün önəmlidir. "Qalatasaray" Avropa Fatehidir. Adı üstündədir, uzun illərdir bunu edir.
Hesabda geriyə düşdükdən sonra "Mançester Yunayted"in fərqi artırmasından qorxduq. Ancaq oyun planımızı pozmadıq. İki dəfə hesabı bərabərləşdirdik, penalti qaçırdıq. Rəqibin azlıqda qalması bizim üçün üstünlük oldu. Dördüncü qolu da vura bilərdik. Amma qol buraxa da bilərdik. Nəticə istədiyimiz kimi oldu".