Qurban Qurbanov dünyanın ən nüfuzlu mükafatına layiq görüldü

13:00 18 Oktyabr 2023

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Beynəlxalq Feyr Pley Komitəsinin (CİFP) oktyabrın 21-i Macarıstanın paytaxtı Budapeştdə keçirəcəyi qala gecəyə yollanacaq.

Sportarena.az xəbər verir ki, təcrübəli çalışdırıcı oktyabrın 20-də "Turan Tovuz"la səfər qarşılaşmasından dərhal sonra Budapeştə yola düşəcək. Onu  "Qarabağ"ın tərcüməçisi Elvar Quliyev müşayiət edəcək.

Qurbanov karyerası ərzində daim "ədalətli oyun" prinsiplərinə sədaqətinə görə verilən dünyanın ən nüfuzlu mükafatına layiq görülüb və bunu qazanan ilk azərbaycanlı kimi idman tariximizə düşüb.

“Jean Borotra World Fair Play Career” mükafatını 2022-ci ilin yekunlarına əsasən dünyada Qurban Qurbanovla birgə cəmi 4 nəfər - amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay qazanıb.

Ötən il Qurbanov UEFA Konfrans Liqasının "Qarabağ"-"Marsel" oyununda İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirməsi ilə yadda qalmışdı. O, karyerası ərzində daha bir neçə dəfə ədalətli oyun jestləri ilə seçilib. O cümlədən, 2015/16 futbol mövsümündə "Qarabağ"ın Azərbaycan çempionatının 7-ci turunda "İnter"lə oyununda hakimin rəqib qapısına təyin etdiyi yanlış penalti zərbəsini Elvin Məmmədova qola çevriməməyi,

2018-ci ildə isə Antalyada "Kuban"la matçda hakimin "Qarabağ"ın lehinə verdiyi daha bir səhv penaltini Mahir Emreliye qapının yanından vurmağı tapşırıb.

Bütün bu faktlar Sports.az saytının baş redaktoru Anar Şabanoğlunun təşəbbüsü və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsinə göndərilib.

AİJA Qurbanovu 2022-ci ildə dünyanın ən ali iki feyr pley mükafatına - bir jest üçün nəzərdə tutulan "Pierre de Coubertin World Trophy" və karyerası ərzində daim ədalətli oyun prinsiplərinə sədaqətinə görə verilən “Jean Borotra World Fair Play Career” namizədliyini irəli sürmüşdü. 


Digər xəbərlər

Xəbər xətti