Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq cədvəlini açıqlayıb.
Sportarena.az xəbər verir ki, siyahıda azərbaycanlı şahmatçı Teymur Rəcəbovun 2745 əmsalla 14-cü pillədə qərarlaşır. Onun son cədvəllə müqayisədə mövqeyi dəyişməyib.
Şəhriyar Məmmədyarov (2734) ötən ayla müqayisədə 1 pillə irəliləyərək, 16-cı olub. Bakıdakı dünya kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679 xal) 53-cü yerə yüksəlib. O, 5 pillə irəliləyib. Rauf Məmmədov isə 2644 xalla 99-cudur.
Siyahıya son dünya kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2829) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2795) qərarlaşıb. Çinli Dinq Liren (2780) ilk üçlüyü qapayır.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 29-cu, Ülviyyə Fətəliyeva (2395) 57-ci, Gövhər Beydullayeva (2383) 68-ci, Gülnar Məmmədova (2350) isə 94-cü sıradadır.
Qadın şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. FİDE adından çıxış edən, Bakıdakı dünya kubokunun qalibi Aleksandra Qoryaçkina (2567) ikinci, Çinin digər təmsilçisi Yu Venyun (2560) üçüncü yerdədir.