"Referiyə iradlarımı bildirdim" - Qurban Qurbanov

00:34 10 Noyabr 2023

“Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bu cür azarkeş qarşısında oynamaq çox xoş idi. Onlara da təşəkkür edirəm”.

Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Avropa Liqasının qrup mərhələsinin IV turunda “Bayer”i qəbul edən Azərbaycan çempionu 0:1 hesabı ilə məğlub olub.

Görüşün ardından təşkil edilən mətbuat konfransında 51 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Çox istəyərdik ki, bir xal qazanaq. Əfsuslar olsun ki, son dəqiqədə qol buraxdıq. Bu oyun komandaya həm təcrübə, həm dözümlülük baxımından çox şey qazandırdı. Səbəb axtara bilərik. Amma mən özümüzün daha diqqətli olmağımızın tərəfdarıyam. Xüsusən də, belə komandalara qarşı. Məğlub olduq. Amma azarkeşlər 90 dəqiqə yaxşı mübarizə, oyun gördülər. Bu cür komandanı, güclü futbolçuları canlı izlədilər. Belə matçlar futbolumuzun inkişafına, sevilməsinə böyük fayda verir”.

 

- Demişdiz ki, “Bayer”ə qarşı əvvəlkindən daha yaxşı çıxış edəcəksiniz. Qısa müddətdə bu qədər dəyişikliyə necə nail olduz?

- Futbolçuların köməyi ilə. Böyükhesablı məğlubiyyət mən qarışıq, futbolçulara da pis təsir etmişdi. Bu dəqiqə futbol elə səviyyəyə çatıb ki, istənilən matçda 4-5 qol problem deyil. Hər tur bunu görə bilirik. Futbolçular rəqibi analiz edəndə çox diqqətli oldular, meydanda da çox intizamlı oynadılar, səbirli oldular. Məncə, yaxşı kollektiv hesabına rəqibə qarşı intizamlı oyun qurduq.

 

- Müdafiəçiləri dəyişməyinizin səbəbi zədə idi?

- Müdafiə xəttində nadir hallarda dəyişiklik edirəm. Əsas heyətdə dəyişikliyi özüm üçün düzgün saymıram. Çünki rəqibə ilk “onbirlik”lə hazırlaşırıq. Onlar tapşırığı daha yaxşı icra edirlər. Marko Veşoviç dəyişikliyi özü istədi. Elvin Cəfərquliyev də çox yorulmuşdu. İlk dəyişiklik düşündüklərimə görə olmadı. Maksim Medvedevi meydana buraxdıq. Üç mərkəz müdafiəçisi ilə oynadıq. Cəfərquliyev və Veşoviçin çıxması balansı pozdu. Ciddi bir şey də yox idi. Bir epizodda penalti verildi. Orada da, bəlkə daha intizamlı oynamaq olardı.

 

- Penalti epizodunu necə şərh edərdiz? Belə epizod rəqibin qapısı qarşısında olsaydı, hansı qərarı verərdilər?

- Yalan deyərəm. Versəydilər də, daha çox düşünəcəkdilər. Belə epizodlarda həmişə böyük klublara simpatiya bəslənilir. Referiyə iradlarımı bildirdim. Epizoda da baxdım. Oyunçu topu görmürsə, nə etməlidir? Almaniyada olsaydı, yüz faiz verməyəcəkdilər.

 

- Maksim Medvedev oyundan sonra sizinlə danışdı?

- Maksimi görmədim. Meydanda idi. Müzakirə olunası mövzu deyil, texniki epizoddur. O qədər belə oyunlarda belə penaltilər olub ki. Dünən “Mançester Yunayted”in matçında ikinci qolda həm qırmızı vərəqə, həm də penalti verdilər. Belə penalti vermək çox sadəlöhvlükdür. Mübarizə gedir, əl hərəkətləri olur. Futbolçu əllərini bağlayıb qaça bilməz. Futbolçular diqqətli olmalıdır. Maksimə gəldikdə, müzakirə olunası bir şey yoxdur.

 

- Andrey Lunyovun vəziyyəti nə yerdədir?

- Dizində ciddi ağrı var. Bəlkə də, yenidir. Çox ciddi zərbə olmuşdu. Oynaqlarında ağrı hiss edir. Ola bilər ki, sabah məlumat verək.

 

- Beş gün öncə “Kəpəz”lə matçı 200 tamaşaçı izləyirdisə, bu gün stadion dolu idi. Bu dizbalans futbolçulara mənfi təsir edir?

- Çox təsir edir. Çempionatımızda da bu qədər azarkeşin olmasını istəyərdik. Çünki biz texniki, taktiki, fiziki tərəfdən futbolçunu hazırlaya bilərik. Amma onları daha sürətli, düzgün icra etməsi üçün azarkeş böyük köməkdir. Bəzən meydanda danışanda bir-birilərini eşidirlər, ancaq azarkeşlər önündə olan oyun fərqlidir. Azarkeş üçün oynayırıq. Daha çox azarkeşi stadiona cəlb etməyi, futbolu onlara sevdirməyi düşünməliyik. Klublar daxil olmaqla, futbola cavabdeh qurumlar, bir sözlə, hamımız futbolu ölkəmizdə sevdirməliyik.

 

- “Qarabağ" beşli müdafiəyə keçəndə qol buraxır. “Viktoriya” (Çexiya), “Neftçi” və bu gün. Dördlü müdafiəni sanki daha yaxşı bacarırsınız...

- Belə düşünmürəm. Bəli, beşli müdafiə funksiyası var idi, amma dördlü kimi qalmışdıq. Veşoviç və Cəfərquliyevin əvəzlənməsi dizbalans yaratdı. Bu cür dəyişikliklərlə qalib gəldiyimiz oyunlar da olub. Üç oyunçunu istəmədən əvəzlədik. Sistem pozulur. Penalti epizodundan başqa nəsə olmadı. Hər şey istədiyimiz kimi gedirdi. Texniki epizod idi. Çox da müzakirə olunası məqam deyil.

 

- Qapıçının zədələnməsi və müdafiədəki çaxnaşma bu nəticəyə gətirib çıxardı?

- Heç bir çaxnaşma olmadı. Bir epizod idi. Uzun topla oynayırdılar, heç nə yox idi. Futbolçuları da nəzərə almaq lazımdır. “Bayer” böyük komandadır. Hər epizoddan istifadə etməyi bacarır. Yola verək getsin (gülür).


Digər xəbərlər

Xəbər xətti