Xabi Alonso: "Son 15 dəqiqə çox gərgin keçdi"

00:49 10 Noyabr 2023

“Son 15 dəqiqə çox gərgin keçdi. Bütün hücumların qarşısını almağa çalışırdıq”.

Sportarena.az xəbər verir ki, bu sözlər “Bayer”in baş məşqçisi Xabi Alonsoya məxsusdu. Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”ın qonağı olan Almaniya klubu Bakıda 1:0 hesablı qələbə qazanaraq, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.

Matçdan sonra təşkil olunan mətbuat konfransında ispaniyalı mütəxəssis bu fikirləri səsləndirib: “Penaltidən də olsa, qələbə qazandıq. Hazırda qrupda birinci pillədəyik. Ancaq yenə də qələbələri sıralamalıyıq. Futbolçularımız get-gedə daha yaxşı oyun sərgiləməyə çalışırlar”.

- Almaniyadakı oyundan fərqli olaraq, “Qarabağ” sizi nə ilə təəccübləndirdi?

- Heç nə ilə təəccübləndirmədi. Hansı komanda ilə oynadığımızı bilirdik. “Qarabağ” güclü komandadır. Bunu nəzərə alaraq bura gəlmişdik.

- Çox həyəcanlı görünürdünüz. Bunun səbəbi nə idi?

- Futboldur, əsəbləşə də bilərik. Adi haldır.

- 14 il əvvəl futbolçu kimi bu stadionda meydana çıxmışdınız. Bu dəfə isə baş məşqçi kimi komandanızı meydana çıxardınız. Bununla bağlı nə deyə bilərsiniz?

- 14 il ərzində çox böyük dəyişiklik var. Həm Azərbaycanda, həm də “Qarabağ”da. 14 il əvvəl heç “Qarabağ”ı tanımırdım. Amma indi nəyə qadir olduğunu bilirəm. İldən-ilə bu klub böyüyür, növbəti uğurlar üçün hər şeyi edir.

- Sizcə, son dəqiqədəki penalti epizodu “Qarabağ”ın lehinə olsaydı, baş hakim hansı qərarı verərdi?

- Penaltidir, istər ilk dəqiqələrdə olsun, istərsə də son dəqiqələrdə. Əgər əllə toxunuş var idisə, top qapıya tərəf gedirdisə, penalti idi. Referilər bu qərarı verir.

- Gələcəkdə karyeranızı “Real”da davam etdirəcəksiz?

- Mən bu barədə heç nə deyə bilmərəm. Oyun barədə sualınız varsa, cavab verərəm.

- Sizcə, “Bayer”lə yanaşı qrupdan hansı komanda növbəti mərhələyə çıxacaq?

- “Molde” ilə “Qarabağ” arasında rəqabət gedəcək. Hansı komandanın ikinci yeri tutmağa qadir olduğunu son matç göstərəcək.

- “Qarabağ”ın heyətində hansı futbolçunu xüsusi fərqləndirərdiniz?

- “Qarabağ” çox gözəl komplektləşib, yaxşı heyəti var. Hamısını deyə bilərəm. Yankoviç, Zubir, Juninyonun adını çəkə bilərəm. Digərlərinin xətrinə dəymək istəmirəm. Hamısı yaxşıdır. İnanıram ki, onlar üzərlərinə düşən işi görəcəklər. 


Digər xəbərlər

Xəbər xətti