Qurban Qurbanov: "Psixoloji cəhətdən tam hazır olacağımıza inanıram"

13:59 13 Dekabr 2023

“Avrokuboklarda ilin son oyununa çıxacağıq. Bizim üçün önəmli görüşdü”.

Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 51 yaşlı mütəxəssis İsveçin “Hekken” klubuna qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu öncəsi mətbuat konfransında iştirak edib.

O, matça tam hazır olduqlarını bildirib: “Rəqib də ciddi hazırlaşır, turniri xalsız tərk etmək istəmir. Bunu nəzərə almalıyıq. Futbolçularımızın psixoloji cəhətdən görüşə tam hazır olacaqlarına inanıram. Onlara güvənirəm. Təəssüf ki, Kevin Medina bu görüşdə iştirak etməyəcək. Onun meydanda olmasını istərdik. Medinanın tezliklə dostlarının yanında olmasını arzulayıram”.

O, Avropa Liqasında pley-offa vəsiqə qazanmaq istədiklərini sözlərinə əlavə edib: “Əvvəlki mövsümlərdə bu şansı əldən vermişdik. İndi istək çoxdu. Ancaq soyuqqanlı olmalı, səhvlərin az olmasına çalışmalıyıq. Düzgün oyunla istəyimizi reallaşdırmaq istəyirik”.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti