“Çox çətin oyun oldu. Bu da bizim üçün yaxşı haldı”.
Sportarena.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib. Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan təmsilçisi Ukraynanın “Vorskla” klubuna qarşı keçirdiyi yoxlama görüşündə 0:3 hesabı ilə məğlub olub.
Rusiyalı mütəxəssis qarşılaşmadan sonra fikirlərini bölüşüb: “İntensiv oyunun şahidi olduq. Meydanda azad zona az idi və hər top uğrunda mübarizə gedirdi. Çoxlu fürsətimiz olsa da, qola çevirə bilmədik. Rəqib isə demək olar ki, əldə etdikləri bütün epizodları lazımınca dəyərləndirdi. Bu gün yaxşı oyun keçirdik. Sadəcə nəticə istədiyimiz kimi olmadı”.
Qeyd edək ki, “Sabah” Antalyadakı ilk yoxlama oyununda Rumıniya “Rapid”inə 2:1 hesabı ilə qalib gəlib.