Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı

20:05 27 May 2024

Sports.az saytının təşkilatçılığı və ETOPAZ-ın baş sponsorluğu ilə Sports.az Awards - 2023/2024 futbol mövsümünün ən yaxşılarının mükafatlandırma mərasimi keçirilib. 

“Four Seasons Baku Hotel”də baş tutan tədbirdə "Ən yaxşı futbolçu", "Ən yaxşı baş məşqçi", "Ən yaxşı qapıçı", "Ən yaxşı komanda" və digər nominasiyalar üzrə qaliblər müəyyənləşib.

“Bal Line” şirkətinin baş direktoru Altay Əliyev "Mediaya daimi dəstəyinə görə", Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və qurumun vitse-prezidenti Aslan Şahgəldiyev “Azərbaycan futboluna xidmətlərinə görə”, “Turan Tovuz” FKİdarə Heyətinin sədri Ehtiram Quliyev “Bölgə futbolunun inkişafındakı xidmətlərinə görə”, “Sabah” Futbol Klubu “Uşaq futbolunun inkişafındakı roluna görə”, “Sumqayıt” və “Şamaxı” “Mübarizə əzminə görə” xüsusi mükafatlarına layiq görülüb. "Zirə" FK “Mövsümün ən böyük tərəqqiyə nail olmuş klubu” nominasiyasında qalib gəlib.

“Mövsümün ən yaxşı klub funksioneri” Asif Əsgərov ("Qarabağ" FK) seçilib. 

“Mövsümün ən yaxşı qolu”nun müəllifi Emin Mahmudov ("Neftçi" FK) olub.

Sports.az saytının versiyasına görə “Mövsümün ən yaxşı baş məşqçisi” Qurban Qurbanov ("Qarabağ" FK),

“Mövsümün ən yaxşı gənc qapıçısı” Rza Cəfərov ("Neftçi" PFK), 

“Mövsümün ən yaxşı gənc futbolçusu” Nəriman Axundzadə ("Qarabağ" FK), 

“Mövsümün ən yaxşı qapıçısı” Andrey Lunyov ("Qarabağ" FK), 

“Mövsümün ən yaxşı yerli futbolçusu” Bəhlul Mustafazadə ("Qarabağ" FK), 

“Mövsümün ən yaxşı futbolçusu” Olavio Juninyo ("Qarabağ" FK) elan edilib. 

“Mövsümün ən yaxşı komandası” "Qarabağ" Futbol Klubu seçilib.

Mükafatları AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyev, tanınmış veteran futbolçular - Vəli Qasımov, Nazim Süleymanov, Samir Ələkbərov, Bəxtiyar Musayev, şəhid baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov, "AİPS Europe" İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə, AİJA prezidenti Eldar İsmayılov, xeyriyyəçi Hacı Nuran və Sports.az saytının baş redaktoru Anar Şabanoğlu təqdim ediblər.

Xatırladaq ki, Sports.az 2022/2023 futbol mövsümünün sonundan başlayaraq müxtəlif nominasiyalarda ən yaxşıları müəyyənləşdirir. 


Xəbər xətti