"Bəzi menecərlər Azərbaycan futbol ölkəsi kimi tanımır və ya burda istədikləri kimi hərəkət edə biləcəklərini düşünürlər". Bu sözləri "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
"Xəzər Lənkəran"ın futbolçusu Qalin İvanov iki gün əvvəl icazəsiz Bakını tərk edərək Bolqarıstana yollanıb. Futbolçu və meneceri buna səbəb kimi maaşın gecikməsini göstərib. Hüseyn Cəbrayıloğlu isə bu xəbəri təkzib edib: "Deyir maaşımı ala bilməmişəm. Mən də deyirəm ki, "ayın 6-da maaş alan kim idi?" "Xəəzər Lənkəran"ın maliyyə problemi yoxdu. Ayan 6-da maaş verilib. Son ayın pulları isə bu gün futbolçulara ödənəcək".
"Xəzər Lənkəran" rəsmisi yaranan problemə görə menecerləri qınayıb: "Qanunlar hər kəs üçün birdi və bütün ölkələrdə eyni səviyyədə tətbiq olunur. Bu səbəbdən işbaz menecerlərin hiylələri baş tutmayacaq. Necə ki, Sadio Tounkaranı yay fasiləsində belə hiyləgər menecerlərin əlindən alıb komandaya qaytardıq".
Hüseyn Cəbrayıloğlu İvanovun Bolqarıstandan təklif aldığını da bildirib: "Levski"dən təklif alıb. Biz son xəbərdarlığımızı etmişik. Komandanın düşərgəsinə qayıtmasa, FIFA-ya şikayət edəcəcəyik". (fanat.az)