Prezident İlham Əliyev “Qarabağ” Futbol Klubunun uşaqlar üçün Futbol Akademiyası tikməsi məqsədi ilə yerlə təmin olunmasına göstəriş verib.
Bu barədə “Qafqazinfo”ya klubun direktoru Emrah Çelikel məlumat verib. Əmrah Çəlikelin sözlərinə görə, görüşdə klubun bazası ilə maraqlanan prezident Qarabağ Futbol klubuna bir hissəsi icarəyə verilən Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunun tam olaraq kluba ayrılması haqqında təlimat verib: “Bilirsiniz ki, Tofiq İsmayılov adına stadionun əsas hissəsində “Qarabağ” FK-nun baza stadionu tikilib. Stadionun boş qalan hissəsində isə uşaqlar üçün futbol akademiyası tikmək istəyirdik. Bu, ölkədə uşaq futbolunun inkişafına təsir edəcək. Orada məşqlər həyata keçiriləcək. Biz bu istəyimizi ölkə başçısı ilə görüşdə səsləndirdik. O da stadionun boş qalan hissəsində uşaq akademiyası tikilməsinə razılıq verdi”.
Qeyd edək ki, ölkəmizi Avroliqada təmsil edən “Qarabağ” futbol klubu dekabrın 11-də İtaliyanın “İnter” komandası ilə keçirdiyi matçda çexiyalı hakimlərin buraxdığı kobud səhv nəticəsində qələbədən məhrum olub və qrupu 3-cü yerdə tamamlayaraq növbəti mərhələyə vəsiqə qazana bilməyib.