Gəncədə futbolun ölməməsinə çalışan ən fəal insanlardan biri də “Kəpəz”in veteran qapıçısı Xəyal Zeynalovdur. Belə ki, Zeynalov ele keçmiş komanda yoldaşı Tariyel Hüseynovla Gəncədə “Gənc Qapıçılar” klubu yaradaraq, orada bu peşənin sirlərini cavan və yeniyetmələrə aşılayırlar. Elə həmsöhbətimizdə Xəyal Zeynalov oldu:
-Əvvəlcə məlumat verin, Gəncə futbolu niyə bu gündədir?
-Gəncə futbolu niyə bu gündədir bilmirəm. Amma onu bilirəm ki, Gəncə də futbol olmasa Azərbaycan futbolunda rəqabətdən söhbət gedə bilməz. Gəncə Azərbaycanın futbol məktəbidir. Ölkə futboluna nə qədər oyunçu bəxş edib. Ümid edirəm ki, yaxın illərdə hər şey yaxşı olacaq.
-İmkanlı şəxslər niyə Gəncə futboluna isti münasibət bəsləmirlər, səbəb nədədir? Axı Gəncədə kifayət qədər pullu insanlar var...
-Bu dəqiqə Azərbaycanın hər yerində möhtəşəm stadionlar tikilib, istifadəyə verilir. Təəssüflər olsun, Gəncədə belə bir meydança yoxdur. Gəncə şəhər stadionu acınacaqlı gündədir. Əlbəttə ki, imkanlı şəxslər diqqət ayırsalar hər şey qaydasına düşər. Amma bilmirəm niyə Gəncə futbolu üçün heç nə etmək istəmirlər. Gəncə futbol şəhəridir. Azərkeşlər gözləyirlər ki, futbola diqqət nə vaxt olacaq.
-Tarıyel Hüseynovla birlikdə "Gənc Qapıçılar Klubu" adlı məktəb açmısınız. İşlər necə gedir?
-Tərifləmək olmasın, 55 illik Gəncə futbolu tarixində qapıçı məktəbi olmayıb. Tarıyel Hüseynovla fikirləşdik ki, belə bir məktəb yaradaq. Biz istəmirik çəkdiyimiz əziyyəti, çətinliyi uşaqlar da görsün. Uğurla bu işi aparırıq. Sadəcə Gəncədə futbola diqqətin aşağı olması maddi baxımdan bir az çətinlik yaradır. Bu, çox yaxşı layihədir. Nəinki Gəncədə, eləcə də Azərbaycanda ilkdir. AFFA bu layihə ilə çox işlər görə bilər.
-Bu məktəbdən Azərbaycan futboluna xeyir verəcək gənclər görürsünüzmü?
-Əlbəttə, buna inanırıq. Onların içində perspektivli uşaqlar var. Şəraitsizliyə, imkansızlığa baxmayaraq uşaqlarda böyük həvəs var. Bu da bizim üstün cəhətimizdir. Meydançanın vəziyyəti yaxşı olmasa da,uşaqlar məşqə yüksək əhval-ruhiyyə ilə gəlirlər. Onlar da istəyir hansısa kluba keçsinlər. Təəssüflər olsun ki, Gəncədə iki yaş qrupumuz var və orada da iki qapıçımız dayanır. Qalan bütün uşaqların hamısı klubsuzdur. Uşaqların itib-batmaması üçün klublarla danışıqlar aparırıq. Biz məşqimizi keçirik, ancaq gərək onlar qapıda dayansınlar, formada olsunlar. Qapıçı gərək özünü komandada hiss etsin. Bu baxımdan çətinliyimiz var. Qalan bütün çətinliklərə sinə gəlib, davam edirik.
-Dərslər ödənişlidir yoxsa təmənnasız keçirsiniz?
-Xeyr, heç bir bir ödəniş olmadan bu işi görürük. Uşaqlardan pul alsaq, günah olar. Maddi baxımdan əziyyət çəksəkdə, biz heç vaxt uşaqlardan pul almarıq. Biz bildiyimiz işi görürük.
-AFFA-ya müraciət etmisiniz?
-AFFA-ya məktub yazmışıq. Gəldilər, baxdılar. Gördülər ki, vəziyyət nə yerdədir. Biz ümidlə onların cavabını gözləyirik. AFFA inanırıq ki, bizə himayədarlıq edəcək. Yəqin ki, ümidimiz puç olmayacaq.
-AFFA sizin bu işi qiymətləndirirmi?
-Ümid edirik ki, qiymətləndirəcək. Keçən həftə uşaq futbolu ilə əlaqədar ispaniyalı mütəxəssis, Faiq Əzizov və Ramiz Kərimov gəlmişdilər. İşimizlə maraqlandılar.
-Hal-hazırda Azərbaycanın ən güclü qapıçısı kimdir?
- Gəlin, etiraf edək ki, hal-hazırda Səlahət Ağayev bir nömrədir.
-Bəs, Kamran Ağayev....
-Kamran Ağayev əvvəlki formasından uzaqdır. Uzun illər onunla rəqabət aparacaq bir qapıçı olmadığına görə Kamranda eniş oldu.
-Emil Balayevin "Aytraxta" keçidi sizin üçün gözlənilən idi?
-Əlbəttə ki, gözlənilən idi. Uğurlar arzulayıram, fəxrimizdir. 20 yaşda legioner həyatı yaşamaq çətindir. İnanıram ki, Emil özünü "Ayntraxt"da yaxşı tərəfdən göstərə biləcək. Onda qapıçı üçün nə lazımdırsa var. (Goal.az)