Roman Qriqorçuk rəsmən "Qəbələ"də

15:20 18 Dekabr 2014

“Qəbələ” baş məşqçi problemini həll edib. 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dorinel Muntyanunun istefasından sonra boş qalan posta ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib. Onunla 1,5 illik müqavilə imzalanıb.

Futbolçu kimi 5 ölkədə çıxış edən 49 yaşlı mütəxəssis vətənində “Prikarpatye” (1988-94) və “Krivbass” (1996-97), Avstriyada “Sankt-Pelten” (1994-95), Polşada “Petroximiya” (1995), Rusiyada “Saturn”un (1996-97) şərəfini qoruyub. 1998-ci ildə Latviyaya üz tutan Qriqorçuk “Dinaburq”da 2 il futbolçu, eyni zamanda, baş məşqçinin köməkçisi olub. 2000-2005-ci illərdə bu klubun baş məşqçisi kimi fəaliyyət göstərən mütəxəssis 2005-09-cu illərdə Latviyanın digər təmsilçisi “Ventspils”in “sükanı arxasında” olub. Titullarını məhz “Ventspils”də əldə edən Qriqorçuk komandasına 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), iki dəfə Latviya kubokunu (2005, 2007) qazandırıb.

Bundan başqa, o, komandasını 2007-ci ildə həm Birlik kuboku, həm də  Baltika Liqası finalına daşıyıb. 2009-cu ildə 11 illik Latviya karyerasını başa vurub, Ukraynaya qayıdan Qriqorçuk 2009-10-cu illərdə Zaporojye “Metallurq”unu çalışdırıb. Son klubu Odessa “Çernomorets”i olan mütəxəssis 2010-cu ildən 2014-cü ilin dekabrına qədər bu komandaya rəhbərlik edib. Elə ilk mövsümdə - 2010/11 mövsümündə Odessa klubunu I dəstədən Premyer Liqaya çıxaran Qriqorçuk 2012/13 mövsümündə ölkə kubokunun finalçısı olub. "Çernomorets" çalışdırıcının rəhbərliyi ilə 2013/14 mövsümündə UEFA Avropa Liqasının 1/16 final mərhələsinə qədər yüksəlib.


Digər xəbərlər

Xəbər xətti