Ötən gün ölkə başçısı İlham Əliyevin "Qarabağ" futbol klubunun heyəti ilə görüşməsinə millət vəkili Fazil Mustafa da münasibət bildirib.
Sportarena.az xəbər verir ki, millət vəkili “facebook”da Prezidentin “Qarabağ” üçün ayırdığı puldan da bəhs edib:
“Prezidentin "Qarabağ" klubu ilə görüşü və 1 milyon manat ayırması təqdirəlayiq haldır. 1 milyon müasir futbolda böyük rəqəm olmasa da, hər halda, oyunçuların motivasiyası üçün olduqca vacibdir. Haqqı çatana haqqı verilməlidir. Dünənki görüşdə prezidentin vurğuladığı bir məqama da diqqət yetirmək istərdim. Dedi ki, komanda məğlubiyyət anında da özünü çox qürurlu, ləyaqətli apardı. Əslində, bəlkə də, daha çılpaq demək istəmədi ki, komanda özünü tərbiyəli apardı.
"Qarabağ"ın özəlliyi də məhz budur. Futbolda peşəkarlığın əsas göstəricisi intizamdır! Adam var ki, milli komandaya bir dəfə çağırılan kimi elə bilir 5-6 dəfə "Qızıl top" alıb. Messini futbolçu saymır. Bilir ki, hakim qərarını dəyişməyəcək, cumur üstünə ki, bəlkə, qırmızı verib çölə atsın. Ekstremal vəziyyətdə də insan gərək ədəbli davranmağa özünü alışdırsın. Burada, sözsüz ki, məşqçinin xarakterindən asılı məqamlar xüsusi rol oynayır. Mən diqqət edirdim, ən ədalətsiz qərarla qarşılaşanda belə Qurban Qurbanov soyuqqanlılığını itirmədi, çılğınlıq etmədi. İnşallah, addım-addım dünyaya özümüzü qəbul etdirəcəyik. "Qarabağ"ın sağ əli millimizin başına!”