“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayevin müsahibəsi
- Uzun fasilədən sonra doğma meydanda oynasanız da, məğlub oldunuz. Qələbə hesabını niyə qoruya bilmədiniz?
- Yaxşı oynadıq, üstünlük bizim tərəfimizdə idi. Belə səhvlərdən qol buraxmaq biabırçılıqdı. Çox bəsit səhvlərə yol verdik. Əslində, oyunlarımızın əksəriyyətində bu cür vəziyyətlə qarşılaşırıq. Biz oynayırıq, amma rəqib qol vurur. Azərbaycanın ən yaxşı iki komandası üz-üzə gəldi. Təəssüf ki, istədiyimiz alınmadı.
- Müdafiədə tez-tez səhvlərə yol verirsiz. Bunun səbəbini tapmamısınız?
- Müdafiə deyəndə, ikinci qolda qapıçımız kobud səhvə yol verdi. Üçüncü qolda da yenə həmin vəziyyət təkrarlandı. Halbuki, biz qalib gəlməli idik. Rəqibimizdən üstün oynadıq.
- “Qəbələ” üzərində böyükhesablı qələbədən sonra komandanızın sabit oynayacağını düşünürdük. Amma ardınca “Bakı” ilə qolsuz heç-heçə etdiniz. “Xəzər Lənkəran”ın qeyri-stabil nəticə göstərməsi nədən irəli gəlir?
- Biz iddialı komandalara qarşı daha yaxşı oynayırıq. Aşağı pillələrdə yer alan rəqiblərlə matçlar zamanı motivasiya problemi olur. Həmin vəziyyəti güclü komandalarla duellərdə hiss etmək mümkün deyil.
- Matçın gedişində hakimlərlə də gərginlik yaşandı. Nəyə etiraz edirdiniz?
- Hakim də insandı, üzərinə çox gedə bilmərəm. Elə epizodlar oldu ki, kobud səhvlərə yol verdi. Halbuki, qarşılaşmanın tempinin artmasına yardımçı olmalıdı. Bəzən elə epizodda cərimə təyin edir ki... Onsuz da futbolçular yorğun, əsəbidilər. Orda güzəştə getmək lazımdı.
- 15 turdan sonra aktivinizdə 19 xal var. Çempionluq uğrunda mübarizə aparan komanda üçün bu nə dərəcədə uğurlu göstəricidi?
- Qələbə qazansaydıq, iddialı danışmaq olardı. Ancaq indi çox geri qalırıq. Artıq bütün gücümüzü səfərbər etməliyik ki, Avropa Liqasına vəsiqə qazanaq.
- Çempionluq əldən gedib?
- Çətin olacaq. Çünki “Qarabağ” çox irəlidədi.
- Stadionun ot örtüyünün dəyişdirilməsinin sizin üçün üstünlüyü var?
- Əvvəlkinə baxanda, indi daha yaxşıdı. (apasport)