"Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanov report.az-a müsahibə verib.
- "Qarabağ"a məğlub olduğunuz oyun haqda nə deyə bilərsiniz?
- "Qarabağ" çempionatda güclü komandalardan biridi. Onlara qarşı oynamaq çətindi, amma belə oyunlardan həzz alırıq. Bu gün pis oynamadıq. Sadəcə, ola bilsin, hardasa bəxtimiz gətirmədi və məğlub olduq.
- "Qarabağ" Avropa Liqasında "İnter"lə, ardınca isə səfərdə "Qəbələ" ilə qarşılaşdı. Görüş növbəsi sizin idi. Oyundan əvvəl "Qarabağ" yorğundu, asan qələbə qazana bilərik" düşüncəsi yox idi ki?
- Yox, biz belə düşünmürdük. Çempionatda heç kim üzərində asan qələbə qazanmaq olmur. Ola bilsin ki, yorğun olublar. Ancaq biz digər komandalara qarşı necə oynayırıqsa, bu qaşılaşmada da belə oynadıq.
- 90 dəqiqə ərzində matçı izlədikdə ilk hissədə meydanda olan "Xəzər Lənkəran" ikinci hissədəkindən daha güclü görünürdü. Buna səbəb nə idi?
- Birinci hissədə daha yaxşı oynadıq. Ola bilsin ki, biz hesabda irəli keçəndə arxayınlaşdıq. "Qarabağ"la oynamaq bizim taktikamıza uyğundu. Hər iki komanda daha çox ötürmələrə üstünlük verir. Bu səbəbdən, maraqlı oyun oldu.
- Qış fasiləsinə bir tur qalıb və "Xəzər Lənkəran" ilk dövrədə "üçlük"də yer ala bilmədi. Turnir cədvəlindəki mövqeyinizi necə dəyərləndirirsən?
- Çalışacağıq ki, AZAL-la oyunda qələbə qazanaq. İnanıram ki, fasilədən sonra hər şey daha yaxşı olacaq.
- Yığma komandanın yeni baş məşqçi Robert Prosineçki mətbuata açıqlamasında "Xəzər Lənkəran"ın oyununu bəyəndiyini deyib. Doğurdan da komandanız yaxşı oyun göstərir, amma nəticə yoxdu...
- Yaxşı oynayırıq, amma qələbə qazana bilmirik.
- Hər dəfə qol vurursunuz, amma 90 dəqiqə tab gətirə bilmirsiniz. Bunun səbəbi nədi, yəni müdafiə xətti bu qədər bərbad vəziyyətdədi?
- Özünüz hər şeyi görürsünüz. Mən deyərdim ki, bu, qismətdi.
- Uzun müddətdi ki, millidə əsas heyətə düşməkdə çətinlik çəkirdiniz...
- Bu, baş məşqçinin fikridi. Ola bilsin, klubda az oyun keçirdiyimə görə belə olub. İnşallah, yeni baş məşqçi dəvət edər, gedərəm.