"Xəzər Lənkəran" komandanı özbaşına tərk edən Deyan Blajevski və Qalin İvanovla bağlı FIFA-nın Oyunçuların Statusu Komitəsinə şikayət edib.
Sportarena.az report.az-a istinadən xəbər verir ki, Bu barədə klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
Onun sözlərinə görə, hər iki futbolçunun Lənkəran təmsilçisi ilə 2015-ci ilin iyununadək müqaviləsi var. Nadirov Blajevski və İvanovun hazırda məşq etdikləri Makedoniyanın "Vardar" və Bolqarıstanın "Levski" klubuna, eləcə də Makedoniya və Bolqarıstan futbol federasiyalarına da məktub ünvanladıqlarını açıqlayıb. Klub rəsmisi həmin klubları və federasiyaları real durum barədə məlumatlandırdıqlarını bildirib.
Vitse-prezident futbolçuların "Xəzər Lənkəran"ı maliyyə problemləri üzündən tərk etmələrinə dair xəbərləri cəfəngiyat adlandırıb. O bildirib ki, hazırda klubun heç bir futbolçuya borcu yoxdur və hamıya noyabr ayı da daxil olmaqla, əmək haqqı ödənilib.