"Xəzər-Lənkəran" üçün mənasız oyun, 1:1-lik hesab və yubiley ili də belə getdi …

20:05 21 Dekabr 2014

Premyer Liqanın XVIII turunda “Xəzər Lənkəran” doğma meydanda AZAL klubunu qəbul etdi.

Dekabrın 21-də saat 15:00-da start götürən qarşılaşmanı baş hakim Əliyar Ağayev idarə edirdi. Yan xəttlərdə laysmanlar Rza Məmmədov və Akif Əmirəli bayraq qaldırırdılar. Dördüncü hakim Rəhim Həsənov idi. İlin son oyunu “Xəzər LənkəranTV” vasitəsi ilə canlı yayımlanırdı.

“Xəzər Lənkəran”ın start heyəti belə idi:

  1. Vyekoslav Tomiç
  2. Vanderson Skarduelli
  3. Sadio Tounkara
  4. Elnur Abdullayev
  5. Aleksandr Şemonayev
  6. Rahid Əmirquliyev (k)
  7. Tural Cəlilov
  8. Əfran İsmayılov
  9. Rasim Ramaldanov
  10. Ağabala Ramazanov
  11. Alfred Sankoh

 

Ehtiyat oyunçular:

  1. Cahangir Həsənzadə
  2. Kazım Kazımlı
  3. Fernando Qabriel
  4. Kamran Abdullazadə
  5. Elşən Rzazadə
  6. Elvin Mirzəyev
  7. Elnur Cəfərov

Baş məşqçi: Oğuz Çətin

 

I HİSSƏ

Oyundan əvvəl məlum olan o idi ki, “Xəzər Lənkəran” görüşün favoriti sayılır (hərçənd sonda qeydə alınan nəticə bunu isbatlamadı). Bu iddianın meydana gəlməsi üçün həm komandaların heyətlərindəki futbolçuların qiymət fərqləri həm də Ağ-yaşılların doğma meydanda oynaması əsas verirdi. Heyətdən söz düşmüşkən baş məşqçi Oğuz Çetinin bu dəfəki komandası demək olar ki, ötən turla müqayisədə az fərqlənirdi. Müdafiədə Tyeqo de Xesus bu dəfə kənarda qalmışdı, yarımmüdafiədə isə  Rəşad Sadiqov istirahət edirdi. Onların əvəzinə arxa xəttdə Aleksandr Şemonayevə şans verilmişdisə, ortada zədədən qayıdan Alfred Sankou öz yerinə qayıtmışdı.

Beləliklə görüş başlayan kimi “Xəzər lənkəran” irəli gedərək hesabı indidən açmaq istəyini gizlətmədi. Amma görünür bizim bildiklərimiz qonaq komanda üçün də əl çatmaz deyildi. İlk dəqiqələrdən paytaxt klubunun futbolçuları cənuba elə belə gəlmədiklərini göstərirdilər. Epizodların birində qonaqların cərimə meydançası qarşısında təyin olunan cərimə zərbəsini yerinə yetirmək üçün futbolçularımızın mübahisə etməsi isə “Xəzər Lənkəran” daxilində nizam-intizamın çox bərbad vəziyyətdə olmasından xəbər verirdi. Yeri gəlmişkən qeyd edilməlidir ki, qonaqlar bu mənada komandamızı xeyli üstələyə bilirdilər.

Oyun çox maraqsız şəkildə davam edirdi. Bir tur əvvəl güclü “Qarabağ”la oyunda məğlub olmasına rəğmən yaxşı təsir bağışlayan “Xəzər Lənkəran” ilk hissədə bir o qədər də fəal görünmürdü. Futbolçularımızda ötən oyundakı yanğı hiss olunmurdu. Bu rəqibin adı və turnir cədvəlindəki mövqeyi ilə bağlı yaranan məqam da ola bilərdi. Hər halda oyunun yarımssatının tamamına qədər həmin o gərginlik, həmin o gözəllik yox idi. Hücumların sonluğu gəlməyincə qonaqların sürətli əks hücumları kifayət qədər kəskin və təhlükəli alınırdı. Düzdür hər dəfə geri çəkilə bilən müdafiə xətti bunun qarşısını almağa nail olurdu, amma orta xəttin buraxdığı boşluqların sonda başa bəla aça biləcəyini də anlamaq mümkünsüz deyildi.

AZAL futbolçularının ard-arda müxtəlif epizodlarda zədələnərək yerdə qalması oyunun tez-tez dayanmasına gətirib çıxarırdı ki, bu da onsuz da maraqsız oyunu lap bezdirici edirdi. Qarşılaşmanın 43-cü dəqiqəsində isə AZAL-ın iki ötürməli hücumundan sonra top cərimə meydançamıza hava ilə ötürüldü, orada isə iki müdafiəçimiz nə rəqib futbolçunu nə də topu yox biri birilərinin qarşısını aldılar ki, nəticədə də AZAL-ın futbolçusu rahatlıqla topu baş zərbəsi ilə qapımızdan keçirə bildi 0:1. Maraqlısı odur ki, müdafiəçilərin fərasitsizliyinin fonunda hətta qapıçı Tomiç də komandasına kömək edə bilmədi. Birinci hissənin sonuna qədər meydanda daha maraqlı heç nə yaşanmadı.

II HİSSƏ

Fasilədən sonrakı ilk dəqiqələrdə yenə də “Xəzər Lənkəran” kəsərsiz hücumlarıyla irəli gedirdi. Belədə yeganə təsəlli yeri hücumların sayının çoxluğunda idi. İkinci hissənin əvvəlində Elnur Abdullayevin əvəzinə meydana çıxmış Fernando Qabriyelin 60-cı dəqiqədə atdığı qolla (1:1) hər şey dəyişə bilərdi. Belə ki, AZAL futbolçuları sanki hesabın bərabərləşməsindən sonra qısa müddətli çaşqınlığa düşdülər. Bundan yararlanan komandamız hücumların sayını və hücumda ikən meydanın rəqibə aid olan hissəsində futbolçuların say üstünlüyünə malik olurdu. Bu da öz növbəsində qonaq komandanın müdafiəsində qarışıqlıq yaradırdı. Qayda pozuntularının sayı artırdı. Amma bundan səmərə ilə istifadə etməyə futbolçularımızın ustalıq səviyyəsi imkan vermirdi. Bütün bunlar da maraqsız oyunun “lap zibilini çıxarırdı”… Son iki matçda start heyətdə meydana çıxan və oyunu heç də alınmayan Ağabala Ramazanovu Kazım Kazımlı dəyişdi. Sona 15-dəqiqə qalmışdan qısa müddətli olaraq oyun bərabərləşirdi, lakin xeyri olmasa da ümumi üstünlük “Xəzər Lənkəran”da idi. Əslində isə doğma meydanda öz azarkeşləri qarşısında çıxış edən “Xəzər Lənkəran” daha çoxunu etməli idi.

Final fitinə az qalmış getdikcə qapımıza doğru daha çox zərbə gəlirdi nəinki rəqib komandanın qapısı. Ardıcıl olaraq Tomiç oyuna müdaxilə edərək komandanı qollardan xilas edirdi. Qarşılaşmanın əsas vaxtının sonuna 5-dəqiqə qalmış Əfran İsmayılovun əvəzində Elnur Cəfərov döyüşə atıldı. AZAL artıq oyunun bütün gəgrinliyini söndürmüş tempi aşağı sala bilmişdi. “Xəzər Lənkəran”ın hərdən bir sürətlə irəli getmək istəyi və ani olaraq oyunu qızışdırmaq cəhdləri “Təyyarəçilər”in sıx müdafiəsi ilə üzləşirdi. Beləcə oyun yavaş-yavaş sona yaxınlaşırdı. Qabriyel Fernando daha bir zərimə zərbəsindən yenə qol atmaq istəsə də qonaqların qapıçı buna imkan vermədi. Baş hakim final fitini səsləndirəndə tabloda qoşa birlər üz-üzə dayanmışdı. Bu isə o demək idi ki, “Xəzər Lənkəran” 2014-cü ilin son oyununda AZAL-la 1:1-lik heç-heçə ilə razılaşmış oldu.

Beləliklə özünün yubiley ilində “Xəzər Lənkəran” 16-oyuna 20-xal toplayaraq turnir cədvəlinin 4-cü pilləsində qərarlaşaraq qış fasiləsinə yollanır.  

 

12cioyuncu.info


Digər xəbərlər

Xəbər xətti