Salam həbsdə olan azarkeş. Bu məktubu sizə yazan “Xəzər Lənkəran”ın azyaşlı azarkeşidir.
İlk dəfə atamdan eşitdim həbsdə olmanızı, lakin həbsdə olmağın nə demək olduğunu və nədən oraya düşdüyünüzü anlaya bilmədim. “Xəzər Lənkəran”ın hər oyunundan sonra atamdan sizin barədə soruşurdum, o isə anlatacağına söz verib “gələn dəfəyə qalsın” deyirdi. Nəhayət ad günümdə mənim üçün qəfəsdə bir cüt bülbül hədiyyə alıb evə gətirdi. İncə səslə, asta-asta sanki züm-zümə edirmiş kimi oxuduqlarını görüb təəccüblə soruşdurm: “Ata, bülbüllər nədən eyni səslə, hey qəmgin-qəmgin oxuyurlar, niyə cəh-cəh vurmurlar?”.
Atam:-Oğlum onlar, dəmir qəfəsdədirlər, təsəvvür elə ki, həbsdədirlər. Həmin o həbsdə olan azarkeşlər kimi. O züm-zümə etdikləri də yəqin “azadlıq nəğməsi”dir…
“Bəs nə edə bilərik ki, qəmgin deyil, şadyana oxusunlar?”
Atam:-Qəfəsin qapısını açıb, onları azadlığa buraxmaq yetər!
Eşitdiklərim mənə qəribə gəlsə də atamın məsləhətinə əməl etdim. Qəfəsin qapısını açıb bülbülləri buraxdım, uçub yaxınlıqdakı ağacın budağına qondular. Yenə oxumağa başladılar, ancaq bu dəfəki nəğmədə bir şənlik var idi. Onda başa düşdüm ki, həbs olunmaq necə dəhşətli və azadlıq isə nə qədər şirin bir şey imiş…
Həm də düşündüm ki, bəlkə siz də azadlıq nəğməsini züm-zümə edirsiz, amma eşidən yoxdur, qapıları açıb sizi azad edənlərin olmadığı kimi, səsinizi duyan yox. Əgər belədirsə onda bilin ki, mən sizi duyuruam, mən sizi eşidirəm. Həm də… həm də qarşıda 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ili gəlir. İstədim ki, sizinlə həmrəy olanların mövcudluğunu biləsiz. Həm də sizi təbrik etmək istəyirəm, özü də ancaq sizi, başqa heç kimi !
Sizə deyirəm, həbsdə olan azarkeş; Həmrəylik günü bayramınız və yeni təqvim iliniz mübarək !
Mənim bu yaşımda əlimin yetdiyi o idi ki, evədki o kiçik qəfəsin qapısını aça bildim. Bilmirəm, görəsən sizin qəfəsin qapısını açmaga yetəcək bir əl varmı?
12cioyuncu.info