Teleaparıcı Tamilla Qulami : "İndi "Neftçi"nin əvvəllki halı yoxdur" - MÜSAHİBƏ

10:50 22 Dekabr 2014

Sabiq jurnalist, teleaparıcı Tamilla Qulaminin müsahibəsi

 

 

- Tamilla Qulami, sizi oxuculara futbol azarkeşi kimi təqdim edə bilərik?

-Bu ili çıxmaq şərtilə olar. Təəssüf ki, işlərim, ailə qayğılarıyla əlaqədar olaraq son aylarda futboldan ancaq sosial şəbəkələrdəki paylaşımlardan xəbər tuturam.

-Hardan yaranıb idmana, futbola maraq?

-Düşünürəm ki, hər birimiz idmanla maraqlanmalıyıq. Ən azından sağlamlıq baxımından. Ancaq futbola gəlincə bu marağı məndə qardaşım oyatmışdı. Qardaşım rəsmən, sözün əsl mənasında futbol xəstəsidi. Onun azarkeşlik etdiyi takımlar oynayanda hətta bizim dəstəkləmədiyimiz komanda olsa belə, hamımız dua edirik ki, təki qazansın, yoxsa Allah eləməsin infark vuracaq bunu. O evdə olanda biz heç bir kanal izləyə bilmirdik. Futbolla nəfəs alır deyə bilərəm. Mən “Qalatasaray”lıydım, o “Beşiktaş”lı. Deyirdi, bircə “Fənərbaxça”lı olma, səni həmişə dəstəkləyəcəm, amma “Qalatasaray”la “Beşiktaş” oynayanda çalış gözümə görünmə (gülür).

-Özünüz də dediyiniz kimi “Qalatasaray” azarkeşisiniz, nə vaxtdan başlayıb “sarı-qırmızı”lı sevda?

-“Sarı-qırmızı”lı sevdam elə futbola marağım olandan. Futbola marağı qardaşım oyadıb, amma sevdirən “Qalatasaray” olub. Türkiyə milli komandası hansısa komanda ilə oynayanda yığmadakı “Qalatasaray” futbolçularına xüsusi azarkeşlik edirdim, qardaşım dəli olurdu. Nə zaman qazansalar, fərqi yoxdu, “cimbom”lular qol vurmasa belə, deyirdim onlar olmasa uduzardılar (gülür). “Qalatasaray”ı sevməyimin bir digər səbəbi də, bəlkə də güləcəksiz, onların rəng seçimini çox bəyənirəm. Hərdənbir mənasız bir söz deyirlər ki, millətçisən, amma “Qalatasaray”ı yaradanlar türk olmayıb falan. Dəxli yoxdu e. Məsələ burasındadır ki, kim olur-olsun, mənim bayrağımı, türkün bayrağını zəfəriylə göylərə qaldırırsa, onlar mənimdi. 

-Bir də “Traktorsazi” sevginiz olduğunu bilirəm.

-Futbola sevgim həm də Təbrizin “Traktorazi” komandasıyla davam etdi. Futbol elə bir idman növüdür ki, mütləq stadionda sənin dəstəkçin, alqışlayanın olmalıdı. Amma “Traktorsazi” takımı İranın rasizmi sayəsində hansı ki, bu futbola da yansıyıb, neçə dəfə məhz türklərdən ibarət olduğuna görə haqsızlığa uğrayıb. Bütün bunlara baxmayaraq onların əzmini sevirəm. Heç bir yerdə nə belə bir əzmkar, sevimli komanda gördüm, nə də məğlub olmasına baxmayaraq heç vaxt təmkinini pozmayan, sevgisi azalmayan azarkeş. Bütün çətinliklərə, həbslərə baxmayaraq azarkeş hər zaman öz sevimli komandasının yanındadır. 

-Ölkə futbolunu izləyirsiniz?

-Ölkə futbolunu, bəli, izləyirəm. “Neftçi”, “Qəbələ”, “Qarabağ” komandalarının oyununu izləmişəm daha çox. Lap yeniyetmə yaşlarımda “Neftçi” azarkeşi idim. Təəssüf edirəm ki, indi “Neftçi”nin əvvəlki halı yoxdu. Hazırda isə bizə məlum olan səbəblərdən də bilirik ki, “Qarabağ” klubunun irəli getməsinin də siyasi səbəbləri var, haqlı olduğunu da düşünürəm. Fərqi yoxdu, hansı komandamız olur-olsun, bizim komandamızdırsa hər zaman, hər yerdə dəstəkləyirəm.

-Tv-dən futbol izləmək yaxşıdır, yoxsa stadionda?

-Əlbəttə ki, stadionda. Stadionda olanda yaşayırsan, onlarla bir olduğunu, daha yaxın olduğunu hiss edirsən. Həyəcan başqa, görüntü başqadır. Evdə sevinəndə içində elə boğuq qışqırırsan ki, sonradan yadında düşəndə deyirsən, nə əcəb ürəyim partlamayıb.

-Stadiona getmisinizmi heç? Kiminlə? Hansı oyun?

-Stadiona məktəb vaxtlarında getmişəm sinif yoldaşlarımla. Amma hansı oyun, nə yalan deyim, xatırlamıram. Bu dəqiqə gözümün qabağına gələn, Tofiq Bəhramov adına stadiondur, bir də yerimizi tapıb oturmaq üçün həyəcanla pillələri qalxdığımız an. Bayraqlar da var idi əlimizdə. Oyunu təəssüf ki, xatırlamıram.

-Sizcə futbolun yaraşıqlısı kimdir?

-Mənimçün yaraşıqlı Del Piero və Roberto Baggio, İlhan Mansız, Ali Karimi, Karim Ansarifərd (Traktorsazi). Yadıma bunlar düşdü.

-Sevimli komandaları bilirik, bəs qıcıq olduğunuz komanda varmı?

-Fənərbaxça (gülür).

-Bəs futbolçu?

-Ronaldinho, bir də indiki fənərlilər.

-Bir siyasətçi kimi futbolun inkişafı üçün planlarınız varmı?

-Siyasətçi kimi hər hansı bir statusum olanda bacardığım qədər futbolun inkişafı üçün körpə evlərindən başlayaraq məktəblərə qədər uşaqlarda futbol hissini yüksəltmək üçün nə lazımdı edərəm. Həm də futbol ümumi komanda olaraq insanlara tərbiyə aşılayır ki, sən sənin olanı qarşıya çəkəsən. Bəzi fərdi idman növlərində ancaq “mən-mən”dirsə, futbol isə “birimiz hamımız, hamımız birimiz” üçündür. Toplumu tərbiyələndirirsən bir növ. Azərbaycanda futbolun inkişafına hansısa tək bir futbol komandasına himayəçiliklə deyil, ölkə adına qayğı göstərmək lazımdır. Ölkə adına!

-Tanıdığınız azərbaycanlı futbolçular varmı?

-Güney Azərbaycandan Kərim Ansarifərdə, Əli Kərimiyə rəğbət bəsləyirəm, quzeydən hamının tanıdığı Rəşad Sadıqov, Qurban Qurbanov, Qara Qarayev, Elnur Allahverdiyev, Araz Abdullayev, Mahir Şükürov və digərləri.

-Futbol terminləri ilə aranız necədir?

-Xoşum gəlir. “Penalti”, “korner”, “forvard”, “qol”. Ən çox da türkiyəli şərhçilərin dilindən eşitmək xüsusi zövq verir.

 

mənbə: derbi.az


Digər xəbərlər

Xəbər xətti