Dünyanın ən bahalı 10 çempionatı - YAZI

11:15 22 Dekabr 2014

“La Liqa güclüdür, yoxsa Premyer Liqa?”, “Bundesliqanın səviyyəsi son zamanlar xeyli yüksəlib”, “Rusiya futbolunda böyük pullar dövr edir” və s. Bu və buna bənzər fikirlərlə, suallarla mütəmadi olaraq rastlaşırıq. Dünyanın ən güclü çempionatının hansı olduğunu demək çətindir. Amma ən bahalı liqanın hansı olduğu isə bəllidir. Beləliklə, bu yazıda dünyanın ən bahalı 10 birinciliyindən bəhs edəcəyik.

 

10. Meksika

Meksika çempionatı Şimali Amerikadakı ən bahalı birincilikdir. Burada futbolçuların orta illik qazancı 265 min funt-sterlinqdir. Meksika çempionatında daim dünya səviyyəli ulduzlar çıxış edib. Onlar karyeralarının ən yaxşı olmasa da, müəyyən illərini bu ölkədə keçiriblər. Elə bu il də çempionatda Ronaldinyo kimi futbolçunun forma geydiyini demək bəs edir. Meksika birinciliyində 18 komanda çıxış edir. Amma əksər Cənubi Amerika ölkələrində olduğu kimi burada da “Apertura” və “Klasura” mövcuddur. Yəni, komandalar bidövrəli sistemdə mübarizə aparırlar.

 

9. Türkiyə

Türkiyə Superliqasının bu siyahıda olması təəccüb doğurmur. Son 15-20 ildə Türkiyə futbolu kifayət qədər inkişaf edib, ölkə futbolunda böyük pullar dövr edir. Elə bu səbəbdəndir ki, Superliqada mütəmadi olaraq dünya səviyyəli ulduzları görürük. Bu gün birincilikdə Sneyder kimi futbolçu çıxış edirsə, deməli Türkiyə klubları həqiqətən də böyük pullar xərcləyirlər. Əvvəl kisənin ağzını açan təkcə İstanbul nəhəngləri idisə, indi digər şəhərləri təmsil edən kollekvitlər də “böyük”lərdən geri qalmamaq üçün transfer pəncərəsi zamanı xeyli xərcə düşürlər. Roberto Karlos kimi dünya səviyyəli mütəxəsisin “Sivasspor”da baş məşqçi kimi çalışması, vaxtı ilə “Valensiya” ilə Avropada “at oynadan” Ektor Kuperin “Orduspor”da fəaliyyət göstərməsi də dediklərimizə əyani sübutdur. Statistikaya gəldikdə isə, Türkiyə Superliqasında hər futbolçu orta hesabla ildə 446 min funt qazanır.

 

8. Çempionşip

(İngiltərə ikinci liqası)

Nə qədər qəribə olsa da, siyahıda ikinci liqa da var. Söhbət Çempionşipdən gedir. Bu çempionatın səviyyəsinin yüksək olduğu çoxlarına bəllidir. Amma birincilikdə böyük pulların dövr etməsindən yəqin ki, çox insan xəbərsizdir. 22 klubun mübarizə apardığı Çmepionşipdə futbolçuların orta hesabla illik qazancı 486 min funt-sterlinqə bərabərdir. Bu göstərici ilə isə İngiltərənin ikinci liqası dünyada cəmi 7 çempionatdan gedir qalır.

7. Braziliya

Meksika, Türkiyə kimi ölkələrdən sonra Braziliyanın adının da bu siyahıda olması təəccüblü deyil. Əvvəllər Braziliya klublarında forma geyən yerli futbolçular bir qədər tanındıqdan sonra dərhal Avropaya üz tutmağı planlaşdırırdılar. Lakin indi vəziyyət bir qədər dəyişir. Avropada istədiyini ala bilməyən braziliyalılar geri dönürlər. Çünki Braziliyanın aparıcı klubları da hazırda heç də kiçik məbləğlərlə “oynamırlar”. Robinyo, Jo kimi milli üzvlərinin daxili birincilikdə forma geyməsi əbəs deyil. Braziliya çempionatında 1 futbolçunun orta illik qazancı 583 min funt-sterlinqdir.

 

6. Rusiya

15 il əvvəl belə siyahı tərib olunsaydı, bəlkə də Rusiya çempionatı heç ilk “20-lik”də olmazdı. Amma bu gün Rusiya Premyer Liqası dünyada dəyərinə görə yalnız “Böyük beşlik”dən geri qalır. Şimal qonşularımızın çempionatında 1 futbolçunun orta illik qazancı 901 min funt-sterlinqdir. Bu isə 1 milyon avrodan daha çox pul deməkdir. Bu gün “Zenit”, ÇSKA, “Dinamo”, “Spartak”, “Lokomotiv” kimi klublar istənilən ulduzu heyətinə qatmağa qadirdilər. Rusların səxavətindən artıq bütün dünyada xəbərdardılar. Hər halda, “Zenit” kimi 1 gündə 2 futbolçuya (Halk və Vitsel) heç də hər klub 100 milyon avro ödəməz.

 

5. Fransa

Fransa çempionatında da bu gün xeyli dünya səviyyəli ulduz çıxış edir. Zlatan İbrahimoviç və Tyaqo Silvanın adını çəkmək kifayətdir. Fransada orta qazanc 987 min funt-sterlinqdir. Amma o da həqiqətdir ki, Liqa 1-də dövr edən pulların böyük hissəsi PSJ-nin adı ilə bağlıdır. Məhz qətərli biznesmenlərin himayəsinə keçdikdən sonra Paris təmsilçisi heyətini dünya səviyyəli ilduzlarla gücləndirməyə başladı. Ötən mövsüm “Monako” da PSJ ilə rəqabət aparmağa səy göstərdi. Komandaya 100 milyon avrodan çox pul xərcləndi. Lakin “Monako”nun barıtı cəmi 1 atımlıq oldu. Bu yay “Knyazlıq klubu” əsas iki ulduzu – Radamel Falkao və Xames Rodrigeslə vidalaşdı.

 

4. İspaniya

İnanmaq çətin olsa da, dünya ən güclü birinciliklərindən hesab olunan La Liqa bahalılığına görə yalnız dördüncüdür. Kimsə inanmaya bilər. Axı, Ronaldo, Messi, Neymar, Suarez, Beyl, Xavi, Xames Rodriges kimi ulduzlar bu liqada çıxış edirlər? Düzdür, adını çəkdiklərimizin hər birinin qazancı çoxdur. Lakin məsələ ondadır ki, aparıcı klublarla digərləri arasında fərq böyükdür. Elə bu səbəbdən də La liqada çıxış edən 1 futbolçunun illik qazancı orta hesabla 1,2 milyon funt-sterlinqdir.

 

3. İtaliya

İtaliyada da vəziyyət fərqli deyil. La Liqanı üstələməsinə baxmayaraq, bu gün İtaliyanın əsas klubları maddi çətinliklər yaşayırlar. “Milan”ı nümunə göstərmək olar. Son illər transfer etdiyi yox, satdığı futbolçularla gündəmə gələn komanda indi elə vəziyyətə düşüb ki, təkcə Mario Balotellini satmaqla heyətini 5-6 futbolçu ilə gücləndirdi. Aydın məsələdir ki, 20 milyona bu qədər futbolçu alınırsa, deməli, həmin liqa heç vaxt dünyanın ən bahalısı ola bilməz. Heç belə də deyil. A Seriyasında futbolçuların orta qazancı 1,3 milyondur.

 

2. Almaniya

Bundesliqada orta qazanc 1,5 milyon avrodur. Bunda komandaların sabitliyinin rolu böyükdür. Yəni, İngiltərə, İtaliya, İspaniyada hansısa klubun müflis olması normal haldır. Amma hansısa Almaniya klubunun iflasa uğraması haqda xəbərlər heç də hər gün yayılmır.

 

1. İngiltərə

Premyer Liqanın dünyanın ən bahalı Liqası olmasında qəribə heç nə yoxdur. Əgər, bir ölkənin ikinci liqası dünyanın ən bahalı 8-ci çempionatıdırsa, yüksək liqası da hamını qabaqlamalıdır. İngiltərədə futbolçunun illik qazancı 2,3 milyondur. Bunda təbii ki, xarici investoirların da rolunu danmaq olmaz. Roman Abramoviç buna bariz nümunədir. Ümumiyyətlə, son zamanlar əcnəbilərin İngiltərə klublarına maraq göstərməsi halları daha da artıb. Bu isə o deməkdir ki, həmin maraqlar mövcud olduqca böyük ehtimalla, Premyer Liqa da dünyanın ən bahalı çempionatı adını özündə saxlayacaq.

 

Mənbə: Het-trik news” qəzeti


Digər xəbərlər

Xəbər xətti