“Klubla müqaviləm başa çatdığından, gələcək taleyimə aydınlıq gətirmək üçün rəhbərliklə əlaqə saxladım. Onlar da yeni müqavilə təklif olunmayacağını bildirdilər”. Bu sözləri “Xəzər Lənkəran”ın sabiq yarımmüdafiəçisi Elnur Abdullayev deyib.
Cənub klubu ilə yollarını ayıran keçmiş vitse-kapitan rəhbərliklə görüşmədiyini qeyd edib: “Mesaj yazdım ki, nə fikirləşirsiniz, komandada qalıb-qalmayacağımı bilməliyəm. Onlar da cavab yazdılar ki, hamı gedir, ona görə də yeni müqavilə olmayacaq. Komandada 2-3 futbolçunun qalacağı deyildi”.
28 yaşlı yarımmüdafiəçi artıq ölkə daxilindən və xaricindən təkliflər alıb. O, məsələnin yeni ilə qədər həll olunacağını düşünür: “Azərbaycanla yanaşı, Türkiyə PTT I Liqasından təklif almışam. Yəqin ki, 3-4 günə hər şeyə aydınlıq gələr”.
Qeyd edək ki, Elnur Abdullayevlə “Neftçi” və “Qəbələ” yaxından maraqlanır. (apasport)