"Xəzər Lənkəran” layiq olduğu yerdə deyil. Bu heyətlə daha yüksək yerdə olmalı idi" - MÜSAHİBƏ

22:00 24 Dekabr 2014

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Elbrus Məmmədovun müsahibəsi

 

- Baş məşqçi təyin edilməyiniz sizin üçün sürpriz olmadı?

- Sürpriz, amma böyük sürpriz oldu. Mənim yerimdə kim olsaydı, buna sevinərdi. Çünki hamı öz şansını gözləyir. Mənim də əlimə indi belə bir şans düşüb.

 

- Sizə bu barədə nə vaxt məlumat verildi?

- Qış fasiləsi yarandıqdan sonra. Konkret olaraq, srağagün, Oğuz Çətin istefa verdikdən sonra. Rəhbərliklə görüşdük, ardından belə bir təyinat oldu.

 

- Komandanın Oğuz Çətinin dönəmindəki çıxışını necə dəyərləndirərdiz?

- Həmkarımdan səhvlər axtarmaq doğru olmaz. Oğuz Çətinə insan kimi də, məşqçi kimi də böyük hörmətim var. İstər Con Toşak, istər Mustafa Dənizli, istərsə də, Oğuz Çətin həm təcrübə, həm də dünya görüşü baxımından məndən üstündülər. Bircə onu deyə bilərəm ki, “Xəzər Lənkəran” layiq olduğu yerdə deyil. Bu heyətlə daha yüksək yerdə olmalı idi.

 

- Sizin gəlişinizlə aparıcı futbolçuların gedişi üst-üstə düşdü. Bu, öncədən planlaşdırılmışdı?

- Xeyr, ani baş verdi. Klubun yığıncağı olub, belə bir qərara gəlinib. Gəncləşdirmə siyasətinə üstünlük verilib.

 

- Artıq bir neçə futbolçu gedib. Daha kimlərlə yollar ayrılacaq?

- Bilirsiz, futbolçuların hamısı ilə ayrı-ayrılıqda danışıq olub, yeni müqavilə təklif edilib. Razı olanlar qalır, olmayanlar gedir. Nəticə qənaətbəxş olmadığından, futbolçularla yenidən danışıq aparılıb. Kim rəhbərliyin təklif etdiyi maaşa razılıq versə, komandada qalacaq.

 

- Siz baş məşqçi kimi hansı futbolçuların qalmasını istərdiz?

- Çoxlarının qalmasını istərdim. Amma indi ad çəkməyim doğru olmaz. Ayrılanlara da uğurlar arzulayıram. Onlarla neçə ildi çiyin-çiyinəyik. Əvəzedici komandada çalışsam da, onlarla həmişə bir yerdə olmuşuq. Heç birinin getməsini istəməzdim. Sadəcə, özlərinin göstərdiyi nəticəyə uyğun belə addım atılıb.

 

- Gəncləşdirmə siyasəti sizin işinizi də çətinləşdirəcək...

- Mən o çətinliyə hazıram. Artıq iki ildi gənclərin hamısı mənimlədi. Kim nə ilə nəfəs alır, kimin nə bacarığı var, hamısını bilirəm. Heç nədən də çəkinmirəm.

 

- Əvəzedici heyətdən neçə nəfər əsas komandaya cəlb ediləcək?

- Demək olar ki, əvəzedicilərin 90 faizi əsas komandaya keçəcək.

 

- Bəs digər klublardan transfer olacaq?

- Xeyr, heç kim alınmayacaq. Yalnız öz yetirmələrimiz olacaq.

 

- Qarşınıza hansı məqsəd qoyulub?

- Sabahın komandasını yaratmaq. Çoxları ələkdən keçəcək. Kim özünü təsdiqləsə komandada qalacaq. Bu, əvəzedicidən gələn uşaqlar üçün çox böyük bir şansdı. Onların arzusu Premyer Liqada oynamaq idi. İndi bu istəklərinə çatırlar. Qalır özlərini təsdiqləmək. Çalışacağıq ilk “dördlüy”ə düşək, eyni zamanda kubokda da yolumuza davam edək. (apasport.az)


Digər xəbərlər

Xəbər xətti