“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatının final mərhələsinin ilk yarış günü başa çatdı. Türkiyənin paytaxtı Ankaradakı “Altınpark-Akarsu” İdman Kompleksində keçirilən bu turnirdə son olaraq yaşı 15-ə qədər olan oğlanlar körpücük üzərinə çıxdılar.
Qalib adını qardaş ölkə Türkiyə idmançısı Ahmet Çağlar qazandı. O, 248 kq (113+135) nəticə və 339.39 Sinkleyr xalı ilə qızıl medala sahib çıxdı. İkinci pillə gürcü atlet İrakli Çxeidzeyə qismət oldu. O, 260 kq (117+143) nəticə və 329.11 Sinkleyr xalı ilə gümüş medal əldə etdi. Üçüncü pillədə isə Azərbaycan atleti sahib çıxdı. “Abşeron-Zirvə” nümayəndəsi İsmayılov Hüseyn 258 kq (116+142) nəticə və 327.81 xalla bürünc medala layiq görüldü.