“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mediaforum.az-a geniş müsahibə verib.
- Azərbaycanda futbola sahibkarlıq subyekti kimi yanaşılsa daha əlverişli olar, yoxsa bu sahəni yalnız dövlətin dəstəyi ilə inkişaf etdirmək mümkündür?
- Dövlətin futbola dəstəyi onsuz da var. Kömək olmasa, klublar fəaliyyət göstərə bilməz. 10 il bundan qabaq dövlət başçısının tapşırığı ilə futbolun inkişafı üçün dövlət proqramı hazırlandı. Bu proqram, yüz faiz olmasa da, uğurla həyata keçirildi. Əvvəllər klublar az qala hamısı bir stadionda oynayırdı, indi hər klubun öz stadionları var. Misal üçün, “Qəbələ”, “Xəzər Lənkəran” klublarının gözəl stadionları və futbol bazaları var. Həmçinin “Bakı” klubunun çox gözəl futbol bazası yaradılıb. Zaqatalada olimpiya kompleksi tikildi və “Simurq” klubunun da stadionu oldu. Hazırda ölkədə yeni stadionlar tikilir. Bu amillər futbolun inkişafına təkan verir.
- Azərbaycan futbolunda kifayət qədər pul varmı?
- Yetərincə pul var. Lakin bəzi klublar maliyyə çətinliyi yaşayır. “Araz Naxçıvan” bəlkə maliyyə problemlərinə görə çempionatda fəaliyyətini dayandırdı. Həmişə Azərbaycan çempionatında ilk üçlükdə olan, Azərbaycanı Avropa kuboklarında təmsil edən “Bakı” klubunun da maliyyə problemləri var. Sponsorlar klubları yuxarı qaldırırlar. Lakin bəzən çətinlik yaranır, klub pillə-pillə aşağı düşməyə başlayır. Bu problemləri aradan qaldırmaq lazımdır.
- Azərbaycan futbolunun durumundan narazı olanlar deyirlər ki, futbolçular yaxşı maaş alırlar, lakin istənilən nəticəni ortaya qoya bilmirlər...
- Məncə, bu düzgün fikir deyil. Futbol klublarını idarə edən şəxslər heç vaxt boş yerə pul verməzlər. Futbolçular ölkə səviyyəsində maaş alır. Ola bilər ki, bəzi futbolçular aldıqları pulun qarşılığını vermirlər. Lakin elə də olur ki, futbolçular zədəyə görə karyeralarını erkən başa vururlar. Hətta bəzən elə olur zədəyə görə futbolçu başqa işlə də məşğul ola bilmir. Bu amili nəzərə almaq lazımdır.
Azərbaycanda həm yerli, həm də legioner oyunçulara başqa aspektdən də baxmaq lazımdır. Elə klublar var ki, oyunçularla FİFA nəzdində müqavilə bağlamırlar. Belə halda klubun maliyyə problemi olsa və yaxud klub dağılsa, futbolçu kompensasiya ala bilməz. Müqavilə olduqda isə oyunçu FİFA-ya üz tutub klubdan pulunu tələb edə bilər. Elə klublar var ki, oyunçularla belə müqavilələr bağlayır, lakin bağlamayanlar da var. Məsələyə bu tərəfdən də baxmaq lazımdır.
Futbolçuların pulu haqqında danışanda bu onlara psixoloji olaraq mənfi təsir göstərə bilər. Hər bir futbolçu müqaviləsində göstərilən maaşın qarşılığını verir və verməlidir də. Ola bilər ki, futbolçu yaxşı oynamasın. Bu zaman baş məşqçi onunla danışmalıdır, lazım gəlsə, futbolçunu cəzalandırmalıdır və məsələni həll etməlidir.
- Maaşınız sizi qane edirmi?
- Bəli, qane edir.
- Maaşınız Avropa klublarının baş məşqçilərinin maaşı ilə müqayisə oluna bilərmi?
- Azərbaycan reallığında mən kifayət qədər yaxşı maaş alıram. Maaşımdan çox razıyam.
- Sizin rəhbərliyiniz altında “Qarabağ” bir dəfə Azərbaycan kubokunu qazanıb, Azərbaycan çempionatının 1 qızıl, 1 gümüş, 2 bürünc medalını əldə edib. “Qarabağ” UEFA Avropa Liqasında inamlı çıxışları ilə də şöhrətlənib. Bu mövsüm komanda qrup mərhələsində oynayıb və 1/16 finala çıxmaq imkanını hakimin yanlış qərarı nəticəsində itirib. Uğurların davamı olacaqmı?
- Əgər mən məşqçilik peşəsini seçmişəmsə, daim uğura can atmalıyam. Mən uğura can atdıqca komanda da, futbolçular da uğur qazanmaq üçün əllərindən gələni edəcəklər. “Qarabağ” klubunun rəhbərliyi də komanda üçün əlindən gələni eləməyə çalışır. Bizim klubun adı başqa məsuliyyətdir. Biz oyunumuzla, nəticələrimizlə, mədəniyyətimizlə Qarabağın adını qoruyub saxlayırıq. Gələcək hədəfimizdə yalnız uğurlu nəticələrdir.
- Qış transfer dövründə “Qarabağ”a yeni oyunçular gətirmək planınız varmı?
- Bu vaxt transfer etmək çətindir. Çünki hər bir oyunçunun oynadığı klubla mayın sonuna qədər müqaviləsi olur. Buna baxmayaraq axtarışdayıq. Tələblərimizə cavab verən oyunçu tapsaq, niyə də tranfer etməyək?
- Avropa Liqasının qrup mərhələsində son oyunda - dekabrın 11-i “İnter”lə oyunda qələbənin əlinizdən alınmasının sirrini anlaya bildinizmi? Yəni hakimin oyunu satma ehtimalını müzakirə etdinizmi?
- Bu məğlubiyyət hər birimizə təsir etdi. Lakin bu məsələ haqqında oyunçularım çox danışsa, müzakirələr aparsa, onda komandanın işi yaxşı getməyəcək. Biz həmin gün yaxşı oynadıq, mübarizə apardıq, lakin alınmadı. Bundan sonra yalnız Azərbaycan Premyer Liqasındakı oyunları düşünməliyik.
- Bəs sizin epizodla bağlı fikriniz necədir? Əslində nə baş verdi həmin an? Hakim səhv etdi, yoxsa qolu bilərəkdən qeydə almadı?
- Hakimlik ən çətin peşələrdən biridir. Bu peşəni seçən insan o qədər ədalətli olmalıdır ki, ən xırda səhvə yol verməsin, ən mübahisəli anlarda, epizodlarda da düzgün qərar verə bilsin. Məsələ ondadır ki, hakimlər səhv etdiklərini qəbul etmirlər, nə etsələr də, sonda onlar haqlı çıxır. Səhv edir, deyirsən ki, səhv etdin, cavab verir ki, yox, mən haqlı idim, düz etmişəm. Heç kimin fikrini qəbul etmirlər. Çünki hakimlər toxunulmazdır. “İnter”lə oyunda vurduğumuz qolun qeydə alınmaması hakimin qalib gəlməyimizi istəmədiyindən düşünülmüş formada verdiyi qərar da ola bilər, yaxud bilməyərəkdən etdiyi səhv də. Hesab edirəm ki, bu haqda danışmamaq daha yaxşı olardı. Çünki sizin kimi mən də həqiqəti bilmirəm.
- “Qarabağ”ı Avropa Liqasının 1/16 finalına çıxmaqdan məhrum eləyən hakim qərarının acısı keçibmi?
- Bir az olsa da qalıb. Eyni zamanda illər keçsə də, həmişə bu an yada düşəcək.
- Qurban bəy, “Qarabağ”ın milli çempionatın oyunlarını Ağdamın Quzanlı qəsəbəsində deyil, Bakıda keçirməsi zaman-zaman etirazlar doğurur. Niyə Quzanlıda, ağdamlıların öz meydanında oynamırsınız?
- Sadəcə olaraq Quzanlı stadionunda futbol oynamaq mümkün deyil. Orda futbol oynamaq üçün böyük işlər görülməlidir. Futbolda nəticə əldə etmək üçün mütləq yaxşı şərait olmalıdır. Stadionun olması da kifayət deyil. Klubun Ağdamda oteli, futbol bazası, məşq meydançaları olmalıdır. Bu gün futbolçuları da düşünmək lazımdır. Ora yol da uzaqdır, şərait də yoxdur. Bütövlükdə bizim Quzanlıda oynamağımıza mane olan amillər çoxdur. Çətin olsa da orada oynadıq. “Qarabağ”ın oradakı azarkeşlərini də unutmuruq. Gedib görüşürük, çempion olanda kuboku Quzanlıya apardıq. Heç kim narahat olmasın, biz oradakı azarkeşlərimizi heç zaman yaddan çıxarmırıq.
Bu komandanın məsuliyyəti mən başda olmaqla hamımzın üzərindədir, bunu hər kəs dərk edir. İstər Ağdam, Şuşa, Laçın, istərsə də işğal altındakı başqa rayonlarımız olsun, istəyirik ki, bütün qarabağlılar üçün uğurlu nəticələr əldə edək və onlar bir anlıq da olsa ağrı-acılarını unutsunlar, üzləri gülsün, onları sevindirə bilək. Bakıda oynamağımız da klubun inkişafı üçündür.
Digər tərəfdən Vətənimiz Qarabağ kimi klubumuz “Qarabağ” da bütün Azərbaycana məxsusdur. Bakıda da işğal edilmiş ərazilərimizdən, Qarabağdan olan xeyli məcburi köçkün var. Hesab edirəm ki, “Qarabağ”ın harada oynamağı məsələsini geniş müzakirə etməməliyik. Çox istərdik Ağdamın mərkəzində, “İmarət” stadionunda, yaxud Şuşada oynayaq.
- Qurban bəy, siyasətlə maraqlanırsız?
- Yox.
- Bu sualı təsadüfən vermirik. Sizin baş məşqçisi olduğunuz komanda ermənilərin işğalı altında olan Ağdamı təmsil edir. “Qarabağ” komandası bütövlükdə Qarabağ nisgilinin təcəssümünə çevrilib. “Qarabağ”ın başında dayanan adam Qarabağ probleminin həllini nədə görür?
- Hər bir ölkənin başçısı var. Biz cənab prezidentin qərarını gözləməliyik. Prezidentimiz işğal olunmuş torpaqlarımızın qaytarılması üçün əlindən gələni edir. Mən inanıram ki, Allahın köməkliyi ilə torpaqlarımız azad olunacaq. Biz də vətəndaş olaraq üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Fransada “Sent-Etyenn”lə 1:1 hesabı ilə heç-heçə etdik. Fransada erməni lobbisi kifayət qədər güclüdür. Və biz bununla göstərdik ki, çempionatımız Fransa çempionatından zəif olsa da, əlimizdən gələni etdik və məğlub olmadıq.
Heç kim öz övladını itirmək istəməz. Prezident İlham Əliyev də problemin sülh yolu ilə həll olunması üçün çalışır. O da xalqının müharibə yolu ilə, itkilər verməsi ilə torpaqların azad olunmasını istəməz. Lakin hər şeyin də sonu var. Danışıqlar yolu ilə alınmasa, hərb yolu ilə torpaqların azad edilməsinə çalışacaq.
- Futbolçu, məşqçi Qurbanı həyatın bir başqa üzündəki Qurbandan fərqləndirən nələr var? Məsələn, ailədəki Qurban, dostlar arasındakı Qurban futbolçu, futbol mütəxəssisi Qurban Qurbanovdan fərqlənirmi?
- Ailədə, əlbəttə ki, fərqli olmalıyam və ailəm üçün hər şeyin ən yaxşısını və düzünü etməyi çalışmalıyam. Dostlar və futbolçular üçün həmişə sadiqliyimi qoruyub saxlamalıyam. Bunların hamısında ədalətli və düzgün olmağa çalışıram.
- Bunların hamısı sizə ailə tərbiyəsindən gəlir, yoxsa dini inanclarınızla bağlıdır? Yoxsa hamısı bir yerdə?
- Hazırda hamısı bir yerdədir. Ancaq hər şey ailədən başlayıb.
- Doğma kəndinizə, Zaqatalanın Aşağı Tala kəndinə tez-tez gedirsinizmi?
- Təəssüf olsun ki, çox vaxtım olmur. İldə bir neçə dəfə gedə bilirəm.
- Kəndə gedəndə sizinlə görüşməyə çox adam gəlir?
- Az adam gəlmir (gülümsəyir). Kənddəki insanları görəndə çox sevinirəm. Bu, əvəzolunmaz hissdir. Onlarla keçmiş haqqında söhbət etdikdə həqiqətən zövq alıram.
- Siz ibadət edirsinizmi?
- Hər birimiz müsəlmanıq. Hamımız islam dininin qaydaları ilə getməyə çalışmalıyıq. İbadət etməyə çalışıram. Amma hələ ki, zəifəm.
- Sosial şəbəkələrdə “Qarabağ” klubunun bəzi oyunçularının uzun saqqal saxlaması müzakirə olunur. Hətta komandanın üzvlərini radikal dini qrupların üzvü olmaqda suçlayanlar da var. Futbolçularınızla bu haqda söhbətləriniz olurmu?
- Hazırda müzakirə olunacaq çox mövzu olsa da, bu məsələnin müzakirə edilməsi mənə qəribə gəlir. Saqqalı biri dəb üçün saxlayır, biri din üçün. Bu haqda yazanlar məsələnin mahiyyətini dərk etmirlər. Deyim ki, bunları heç də çox adam müzakirə etmir. Baxsanız, bunları müzakirə edənlərin 10-15 nəfər olduğunu görə bilərsiz. Bizim klubda əhli-sünnə, əhli-şiə, xristian oyunçular da var. Bu bizim üçün problem deyil.
- Sizcə, Azərbaycan Premyer Liqasının hazırda ən yaxşı oyunçuları kimlərdir?
- Bədəvi Hüseynov, Qara Qarayev, Səlahət Ağayev.
- Dünya futbolunda bəyəndiyiniz oyunçular kimlərdir?
- Potensialına görə Messi cəlbedici oynayır. Lakin zəhmətkeşliyinə görə Kriştiano Ronaldo daim mübarizə aparmağı xoşlayır. Bu il dünyanın ən yaxşılarındandır.
- Xaricdən, ya Azərbaycanın başqa klublarından dəvət alırsınızmı?
- Yox. Hazırda “Qarabağ” klubundayam.
- Qurban Qurbanov Azərbaycanın Yurqen Kloppu, yoxsa Joze Maurinyosudur?
- Mən sadəcə olaraq Qurbanam (gülür). Mən heç vaxt özümü hansısa məşqçiyə bənzətməmişəm. Biz xarici məşqçilərin işi ilə maraqlanmalıyıq və bizə lazım olanları götürməliyik.
- Sosial şəbəkələrdən istifadə edirsinizmi?
- Xeyr, etmirəm.
- Asudə vaxtınızı necə keçirirsiniz? Özgə nələrə marağınız var?
- Heç asudə vaxtım olur ki (gülür). Asudə vaxtım olanda daha çox futbol oynamağa üstünlük verirəm. Kafedə dostlarla kofe içməyi də xoşlayıram. İmkan olanda tennis də oynayıram. Keçən il Şamaxıya gedəndə stend atıcılığı ilə də məşğul oldum. Bunu xoşlayıram.
- 9 yaşlı oğlunuz Musa da sizin kimi futbol oynayır. Futbolu özü seçib, yoxsa sizin istəyinizlə seçim edib?
- Özünün marağı çoxdur.
- Necə oynayır?
- Potensialı var. Lakin bu haqda danışmaq hələ tezdir.
- Bir müddət sonra Musanı “Qarabağ” klubuna transfer etmək olar?
- Özünü yaxşı aparsa, transfer edəcəm (gülür).