Başa çatmaqda olan 2014-cü il təkcə futbol deyil, “Qəbələ” İdman Klubunun nəzdində fəaliyyət göstərən digər idman sahələri üzrə bölmələr üçün də uğurlu alınıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, idmançılar beynəlxalq və ölkə miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə qalxmağı bacarıb. Elə bu gün klub tərəfindən təşkil olunan tədbir də digər növlər üzrə bölmələrin il ərzindəki çıxışlarına həsr olunub.
2014-cü ilin yekunları ilə bağlı görüşü giriş sözü ilə “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov açaraq, tədbir iştirakçılarını klub prezidenti Tale Heydərovun adından salamlayıb. 2014-cü ili uğurlu adlandıran vitse-prezident bu nailiyyətlərin davamının gələcəyinə inandığını bildirib. Nəcəfov “Qəbələ”nin idmançılarına qatılacaqları bütün yarışlarda uğurlar arzulayıb.
Görüşdə “Qəbələ” İdman Klubunun döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev də iştirak edib. 2014-cü ildə bu növlərdə əldə olunan uğurlardan danışıb. Belə ki, il ərzində beynəlxalq turnirlər, Qran-Pri yarışları, dünya və Avropa kuboklarında dəfələrlə mükafatçılar sırasına düşən klubun üzvləri rəsmi dünya və qitə çempionatları, həmçinin birinciliklərində 9 medala yiyələnib. Bunlardan 3-ü qızıl, 2-si gümüş, 4-ü bürünc olub.
Tədbir 2014-cü ildə uğur əldə edən idmançıların mükafatlandırılması ilə davam etdirilib. İdmançılardan Mehman Sadıxov (cüdo, dünya və Avropa çempionatının mükafatçısı), Məhəmməd Məmmədov (taekvondo, dünya çempionu), Nərgiz Mirzəyeva (taekvondo, dünya çempionatının mükafatçısı), Məhəmmədəli Tahirov (boks, Avropa çempionatının mükafatçısı), baş məşqçilər Rauf Aydınov (boks), Səbuhi Zülfüqarov (taekvondo), Ramil İsmayılov (cüdo), məşqçi Rəşad Məmmədov (cüdo) 2014-cü ildə əldə olunan nailiyyətlərə görə mükafatlandırılıb. Müxtəlif səbəblərdən tədbirə qatıla bilməyən cüdoçu Uşangi Kokauri (Avropa çempionatının mükafatçısı), Qəbələ şəhərindəki bölmələrin məşqçiləri Rail İsmayılov (cüdo) və Ramiz Mirkamilov (boks) da ilin yekunlarına əsasən mükafata layiq görülənlərin siyahısında yer alıb.