Emil Balayev : "Heç kim deyə bilməz ki, mən bu komandanın bir nömrəsi olacam" - MÜSAHİBƏ

14:05 29 Dekabr 2014

Almaniya Bundesliqasında mübarizə aparan “Ayntraxt” klubunun yeni transferi olan Azərbaycan yığmasının qapıçısı Emil Balayev müsahibə verib.

 

 

 

- Almaniyaya ilk dəfə gedib “Ayntraxt”a qoşulanda sizə necə münasibət göstərdilər?

- “Ayntraxt” rəsmilərindən Kristof Proys məni aeroportdaca qarşılayıb, otelə apardı. Əşyalarımı otelə qoyduqdan dərhal sonra məşqə yollandıq. Proys öncə məni rəhbərlik və məşqçilər heyəti ilə tanış etdi. Ardından paltardəyişmə otağına düşərək futbolçularla görüşdük, məni hamıya bir-bir təqdim etdi. Orda hamı mənə qarşı mehriban idi. İngilis dili bildiyimdən, 1-2 gündən sonra özüm futbolçularla münasibət qurub dostlaşdım. Mənə qarşı elə münasibət var idi ki, sanki neçə ildi bir komandada oynayırıq. Açığı, bu münasibət mənə yeni olduğumu unutdurdu.

 

- “Ayntraxt”ın təklifini ilk dəfə eşidəndə hansı reaksiyanı verdiniz?

- Düzü, mənə bu təklif barədə “Neftçi” rəhbərliyi xəbər verdi. Çünki “Ayntraxt” rəsmi dəvətnaməni “Neftçi”yə göndərmişdi. Eşidəndə təbii ki, çox sevindim.

 

- Almanlar sizi necə kəşf ediblər?

- Bildiyiniz kimi, “Ayntraxt”ın ikinci məşqçisi Volfqanq Rolf, həmçinin bizim əsas millidə çalışıb. Məncə, onun tövsiyələri bu transferdə böyük rol oynayıb.

 

- “Roma”nın da sizinlə maraqlandığı deyilirdi. Həqiqətən də, belə bir şey var idi?

- Ola bilsin ki, “Roma” və ya başqa bir klub mənimlə maraqlanıb. Ancaq rəsmi dəvət yalnız “Ayntraxt” tərəfindən edilmişdi. Digər komandaların adlarını yalnız mətbuatdan oxuyurdum.

 

- “Ayntraxt”ın məşqlərində hansı fərqləri gördüz?

- İndividual olaraq fərq elə də böyük deyil. Ancaq kollektiv şəkildə futbolçuların bir-birini başa düşməsi, meydanın hər qarışı uğrunda mübarizə fərqlidi. Məşqin hər saniyəsi təzyiq altında keçir. Meydandan gözünü çəkmək mümkün deyil. Hər məşq bir oyun kimi məsuliyyətli və çətindi.

 

- Azarkeşlərin sizə marağı necə idi?

- Orda 2-3 məşq elədikdən sonra almaniyalı azarkeşlər gəlib mənimlə şəkil çəkdirirdilər, imza istəyirdilər. Fanatlar bütün məşqləri izləyirlər. Onların mənə münasibəti çox gözəl idi. İlk dəfə meydana daxil olanda “xoş gəlmisən” deyə qışqırdılar.

 

- Baş məşqçiniz Tomas Şaaf necə məşqçidi?

- Şaaf Almaniyanın ən güclü məşqçilərindəndi. Onun əldə etdiyi uğurları hamı bilir, saymağa ehtiyac yoxdu. Həmişə gənclərə üstünlük verməklə seçilib. Çox vaxt da düzgün seçim edib.

 

- Sizinlə söhbəti oldu?

- Bəli, söhbətimiz oldu. Mənə dedi ki, səndə olan istedadı gördüm və gələcək üçün səni komandamda görmək istəyirəm.

 

- “Ayntraxt”la söhbətiniz necə oldu, əsas komandada yer alacaqsız?

- Əlbəttə əsas komandada olacam. Əlimdən gələni artıqlaması ilə edəcəm ki, özümü yaxşı tərəfdən göstərim, komandada möhkəmlənim.

 

- Amma bu heç də asan olmayacaq. Çünki sizi Kevin Trapp və Feliks Vidvaldla rəqabət gözləyir...

- Mən buna hazıram. Heç kim deyə bilməz ki, mən bu komandanın bir nömrəsi olacam. Bunu zaman göstərir. “Ayntraxt”ın gənc oyunçularındanam, mənə ümidləri var. Bu ümidləri də puç etməməliyəm. Mümkün qədər çox irəliləmək üçün daim inkişaf eləməyə çalışacam.

 

Mənbə: apasport.az


Digər xəbərlər

Xəbər xətti