Geridə qalan ildə futbol gündəminin mərkəzini zəbt edən klublardan biri olduq. İlin əvvəlində Premyer Liqaya başçılıq edən və heyətini dünya ulduzu Marat İzmaylovla gücləndirən “Qəbələ” çox keçmədi ki, 5-ci pilləyə qədər endi. Lakin Yuri Syomin və komandası özündə güc taparaq klub tarixinə adlarını qızıl hərflərlə yazdırmağı bacardı: kubokda final, çempionatda üçüncülük və Avroliqaya vəsiqə.
Bunlar hamısı ilklər idi və klub bundan sonra daha da yüksələn xətlə inkişaf etməyi qarşısına məqsəd qoydu. Dorinel Muntyanunun rəhbərliyi altında Avroliqa və çempionatda uğursuz seriyanın ardından ili major notlarda başa vurmaq mümkün oldu - son 3 matçda uğurlu oyun azarkeşləri qarşıdan gələn 2015-ci ilə - Roman Qriqorçukun rəhbərliyi altında yeni uğurlara inandırdı. "Qəbələ"nin rəsmi saytı ötən ilin yaddaqalan məqamları haqda futbolçuların fikirlərini öyrənib.
Kamran Ağayev: "2014-cü ildə bir çox xoşagəlməz hallarla rastlaşdım. Zədələrdən çox əziyyət çəkdim. Hətta futbol karyeramı bitirmək barədə də düşünmüşdüm. Amma bu hallar mənə şükr etməyi, çətin vəziyyətlərdən çıxmağı öyrətdi. “Qəbələ”dəki sağlam mühit də futbol həyatımın davam etməsinə vasitə oldu. Hələ ki, heç nə itirilməyib. Futbol oynayırıqsa, hədəflərimiz var. 2015-ci ildə özümə və komandama bu hədəflərə çatmağı arzulayıram".
Dodo: "2014-cü il “Qəbələ”ni mənə biraz da doğmalaşdırdı. Doğma komandamda 4-cü ilimi tamamladım. Arxada qoyduğumuz il xoş xatirələr və böyük həyəcanla yadda qaldı. Premyer Liqanın bürünc medallarını qazandıq, Azərbaycan Kubokunun finalına qədər irəlilədik, ilk dəfə Avropa Liqasında çıxış etdik. “Qəbələ” ilə bu ilkləri yaşamaq çox gözəl idi. Şəxsi həyatımda da yaddaqalan hadisələr baş verdi. Atalıq sevinci yaşadım, oğul övladım dünyaya gəldi. Növbəti – 2015-ci ilin də uğurlu olmasını arzulayıram. “Qəbələ”ni layiq olduğu yerlərə daşımağa borcluyuq. İstəyirəm ki, komandamız yenidən Avropa miqyaslı turnirlərdə oynamaq hüququ qazansın. Və biz bu şansdan layiqincə yararlanaq".
Elvin Camalov: "2014-ci il futbolçu karyeramda ən yaddaqalan illərdən oldu. Məhz bu zaman kəsiyində əsas komandada möhkəmlənməyə başladım, ilk dəfə Avropa Liqasına vəsiqə qazanan “Qəbələ”nin heyətində beynəlxalq oyunlara çıxdım, Azərbaycan U-21 yığmasına dəvət aldım. Ötən mövsüm çox oyun keçirməsəm də, o heyətdə yer almaq mənə çox şey qazandırdı. Hazırda olduğum yerdən çox razıyam. “Qəbələ”nin üstümdə əməyi çoxdur. Oyunumla, intizamımla mənim üçün çəkilən zəhmətin qarşılığını verməyə çalışıram. Komandamızda yeni baş məşqçi var, yeni ildə yeni səhifə açacağıq. İnanıram ki, o səhifədə mənim də adım olacaq. 2015-ci ilin karyeramda yüksəliş ili olmasını arzulayıram".
Ruslan Abışov: "2014-cü ili karyera baxımından uğurlu olduğunu deyə bilmərəm. Tez-tez zədələrlə üzləşdim, istədiyim oyunu nümayiş etdirə bilmədim. 2015-ci ilin daha uğurlu və düşərli olacağına inanıram. Ümid edirəm ki, 2014-cü ildəki xoşagəlməz hallar 2015-ci ildə təkrarlanmayacaq. Özümə, kollektivə, ailəmə və xalqımıza bol uğur və sağlamlıq diləyirəm".
Ürfan Abbasov: "2014-cü ili uğurlu hesab etmək olar. Məhz bu il komandamız çempionatın bürünc medallarına sahib oldu. Həm də kubokun finalına vəsiqə qazandıq. Düzdür, cəzalı olduğuma görə finalda meydançaya çıxa bilmədim. Amma kənardan o atmosferi izləmək, o həyəcanı yaşamaq çox gözəl idi. 2014-cü ilin mənim üçün xoşagəlməz tərəfləri də oldu. Bir neçə dəfə zədə aldım, uzun müddət yaşıl meydanlardan uzaq qaldım. 2015-ci ildən isə yalnız uğur gözləyirəm. Yeni baş məşqçimiz var. İnanıram ki, o yaxşı kollektiv formalaşdıra biləcək və biz mövsümü uğurlu nəticələrlə yekunlaşdıracağıq. Bir də ümid edirəm ki, özümü yaxşı tərəfdən göstərib milli komandamıza dəvət alacağam. Bu, ən böyük arzumdur".
Anar Nəzirov: "2014-cü il “Qəbələ” ailəsi üçün xoş hadisələrlə zəngin oldu desəm, yəqin ki, yanılmaram. Klub tarixində ilk dəfə medalçılar sırasına düşdü, Azərbaycan kubokunun finalında oynadı və Avropa Liqasında çıxış etdi. Karyeramda ilk dəfə medal qazandım. Təbii ki, həm kubokun finalında, həm də Avropa Liqasında istədiyimiz kimi çıxış edə bilməməyimiz bizə pis təsir etdi. Amma neyləmək olar, futbolda qalibiyyət olduğu kimi, məğlubiyyət də var. 2015-ci ilin həm mənim, həm “Qəbələ”, həm də xalqımız üçün düşərli və uğurlu olacağına inanıram".
Cavid Hüseynov: "2014-cü il mənim üçün maraqlı hadisələrlə zəngin oldu. 2013-2014-cü illər mövsümündə “Bakı”nın heyətində 6 qol vurdum. Bu, karyeramda ən çox qol vurduğum mövsüm idi. Sonra gözlənilmədən eks-komandamda vəziyyət dəyişdi. Ardından isə ilin mənim üçün ən yaddaqalan hadisələrindən, bəlkə də, ən əsası baş tutdu - “Qəbələ”yə keçidim reallaşdı. Hazırda komandamız istədiyimiz mövqedə qərarlaşmayıb. Amma hər şeyi dəyişmək üçün imkanlarımız var. Bunu da 2015-ci ildə həyata keçirəcəyik. 2015-ci ildən bol uğur gözləyirəm. İnanıram ki, həm klub, həm də milli komanda səviyyəsində özümü yaxşı tərəfdən göstərə biləcəyəm".
Sadiq Quliyev: "2014-cü il bir gənc futbolçu kimi karyeramda qeyri-stabil il oldu. Bəzən əsas, bəzən isə əvəzedici komandanın heyətində yer aldım. Amma itirdiyim bir şey olmadı, hər vəziyyətdən yararlı nəticələr çıxarmağa çalışdım. Xoş hadisələr də az olmadı, komandamızın uğurlarının içində oldum, U-21 millimizə dəvət aldım. Qarşıda məni karyera baxımından çətin və maraqlı günlər gözləyir. Hər şey özümdən asılıdır. “Qəbələ”də hər zaman sağlam rəqabət mühiti olub. Mən də şəraitdən yararlanıb əsas komandada möhkəmlənməyə, “Qəbələ”yə xeyir verməyə çalışacağam. Gələn ilin həm komandamız, həm də mənim üçün uğurlu olmasını diləyirəm".
Ruslan Əmircanov: "2014-cü ilin özüm üçün həm uğurlu, həm də uğursuz hesab edirəm. Ötən mövsüm “İnter”in heyətində gümüş medalları qazandıq. Amma belimdən aldığım ağır zədə bu sevincə kölgə saldı. Sonra “Qəbələ”yə keçidim baş tutdu. Zədə epidemiyası məni “Qəbələ”də də izlədi. 3 aydır ki, futbol oyanıram. Karyeramda zədədən ilk dəfədir ki, bu qədər əziyyət çəkdim. İnanıram ki, bütün uğursuzluqları 2014-ci ildə qoyacağam. 2015-ci ilin sabit və zədəsiz olmasını arzulayıram. Hazırda komandamız istədiyimiz mövqedə deyil. 2015-ci ildə çalışıb “Qəbələ”ni layiq olduğu yerlərə gətirməliyik".
Bəxtiyar Soltanov: "2014-cü il mənim üçün uğurlu keçdi. “Araz Naxçıvan”
Rafael Santos: "2014-cü il mənim üçün həm xoş, həm də arzuolunmaz xatirələrlə yadda qaldı. Ötən mövsümü qənaətbəxş keçirsək də, Azərbaycan Kubokunun qalibi olmaq şansını dramatik şəkildə - penaltilərlə qaçırmağımız xatirimdən silinmir. Penaltidən yararlanmamağımı hələ də özümə bağışlamıram. O an vuruşu dəqiq yerinə yetirsəydim, bəlkə də qalib biz olacaqdıq. 2015-ci ilin startından bizi çətin period gözləyir. Çalışıb, səy göstərib komandamızı yüksək yerlərə daşımalıyıq, azarkeşlərimizi sevindirməliyik. İnanıram ki, 2015-ci ildə ötən il buraxdığımız səhvləri buraxmarıq".
gabalafc.az