Azərbaycan idmanının ən böyük və lider klublarından biri – “Zirvə” İdman Klubu daha bir möhtəşəm turniri müvəffəqiyyətlə təşkil etdi. Klubumuzun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində müxtəlif ölkələrdəki filiallarımız arasında Dünya Çempionatının final mərhələsi keçirildi. Dekabrın 24-25-də Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən “Altınpark-Akarsu” İdman Kompleksində baş tutan bu yarışda 11 ölkədən – Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, İran, Gürcüstan, Polşa, Bolqarıstan, Belarus, Ukrayna və Moldova – yüzə yaxın ağır atlet iştirak etdi.
Böyük marağa səbəb olan bu Dünya çempionatında final mərhələsi klubların mübarizəsi idi. İdmançılar fərdi nəticələrlə yanaşı, təmsil etdikləri klublara da xal qazandırırdılar. Sonda müvafiq xallara uyğun olaraq komanda sıralaması tərtib olundu və 1-6-cı yeri tutan klublar mükafatalandırıldılar. Çempionat 8 yaş qrupu üzrə keçirilirdi və qaliblər Sinkleyr cədvəli üzrə müəyyənləşdi. Yarış iştirakçıları seçmə mərhələdə göstərdikləri nəticələrə əsasən müəyyən edilmiş, ən yaxşılar finala dəvət edilmişdi. Qruplar isə aşağıdakılar idi:
Qadınlar: WU-15 (yaşı 15-ə qədər olan idmançılar), WU-20 (yaşı 20-yə qədər olan idmançılar), W+20 (yaşı 20-dən çox olan idmançılar)
Kişilər: U-12 (yaşı 12-yə qədər olan idmançılar), U-15 (yaşı 15-ə qədər olan idmançılar), U-20 (yaşı 20-yə qədər olan idmançılar), M+20 (yaşı 20-dən çox olan idmançılar), Veteranlar (yaşı 35-dən çox olan idmançılar).
Çempionat bütün beynəlxalq standartlara uyğun olaraq, Beynəlxalq Ağır Atletika Federasiyasının qəbul etdiyi qaydalar çərçivəsində keçirildi. Yarışa xidmət edən hakimlərin hamısı beynəlxalq dərəcəli, yetərincə böyük təcrübəyə malik mütəxəssislər idi. Bütün qonaqlar, xarici ölkələrdən gəlmiş hər bir nümayəndənin təşkilatçılıq, ümumilikdə turnir barədə fikri eyni oldu: ən yüksək səviyyə!
Bir çoxları bu yarışı Avropa və dünya çempionatlarından geri qalmadığını, hətta üstələdiyini qeyd etdilər. Yarış iştirakçılarının bütün xərclərinin (gəlmə-getmə, qarşılanma, yola salınma, mehmanxana, qidalanma, transfer, günlüklər, mükafatçılara medal, diplom, ev sertifikatı, pul verilməsi) ödənilməsi, onlara tam idman geyimi dəsti verilməsi, təşkilatçılıq baxımından ideala yaxın fəaliyyət hamının rəğbətini qazandı.
Yarışın dekabrın 24-də keçirilən açılış mərasimi də çox gözəl alındı. Mərasim yarışda iştirak edən klubların loqoları olan lövhələr və təmsil etdikləri ölkələrin bayraqlarının həmin klubların məşqçi və idmançılarının gətirməsi ilə start verildi. Sonra çıxışlara keçirildi. Ilk olaraq söz Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tamer Taşpınara verildi. O, bunları dedi: “Hamınızı salamlayıram və bu böyük turnirə xoş gəlmisiniz deyirəm. Azərbaycan və Türkiyə, həmçinin dünya ağır atletikasının inkişafı üçün “Zirvə” İdman Klubunun gördüyü işlər əvəzsizdir. Bir klub olaraq idmana qatdıqları dəyər, çəkdikləri zəhmətlə nümunə təşkil edən bu klub nümayəndələrinə təşəkkür etmək gərəkdir. Xüsusilə, klubun prezidenti Tofiq Heydərova ayrıca ços sağ ol deyir, ona minnətdarlığımı bildirirəm. Bilirsiniz ki, idman bir ürək işidir. Onu sevməsən, uğur qazana bilməzsən. Burada, Ankaradakı “Altınpark-Akarsu” İdman Kompleksində keçirilən yarış bu insanların idmana sevgisinin böyüklüyünü göstərir. Yalnız öz ölkəsi Azərbaycan deyil, həmçinin Türkiyə, eləcə də digər Avropa və digər qitələrdəki ölkələrdə ağır atletikanın yüksəlməsini düşünmək, buna təkan verməyə çalışmaq fikri çox gözəldir. İnşallah, bu əməklər boşa getməz və daha böyük uğurlar qazanılaraq dünya idmanında bir iz açılar. Bir daha bura gələn hər kəsə təşəkkür edir, “Zirvə” İdman Klubu, onun beynəlxalq layihəsi “Zirve İnternational Sport Clubs”a uğurlar arzulayıram”.
Daha sonra “Zirve İSC” prezidenti Tofiq Heydərov çıxış etdi. Kompleksə toplaşan hər kəsi salamlayan natiq, çıxışını belə davam etdirdi: “Hamınıza təşəkkür edirəm. Dünənə qədər klubumuz yalnız Azərbaycanda yarışlar keçirirdi. Bu gün isə biz “Zirvə”nin ölkə xaricindəki ilk beynəlxalq yarışına toplaşmışıq. Yer seçimi üzərində çox düşünmədik. Tarixən eyni köklərə malik olduğumuz Türkiyə, hələ 90-cı illərin əvvəllərində əksər ağır atletlərimizə qucaq açmış, onların uğurlarına yardımçı olmuşdu. Elə ağır atletika üzrə ilk dünya çempionumuz olan Hafiz Süleymanov da Türkiyə bayrağı altında çıxış etmişdi. Odur ki, qərarımızı qardaş ölkə lehinə verdik. Və bundan da çox məmnunuq. Türkiyə Ağır Atletika Federasiyası son işləriylə ölkə idmanına bir oyanış gətirib. Onların bu addımlarını alqışla qarşılayır, tam dəstəyimizi bildiririk. Federasiya tərəfi bizə bu çempionatın keçirilməsində də böyük kömək etdilər ki, buna görə də böyük təşəkkürü özümə borc bilirəm. Azərbaycanda da idmanın inkişafı göz qabağındadır. 2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımız Bakıda keçirilməsi buna daha bir sübutdur. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin şəxsi diqqət və qayğısı nəticəsində ölkə idmanımız zirvələri fəth edir və fəth etməkdə də davam edəcəkdir. Fürsətdən istifadə edərək, bu gün ad gününü qeyd edən dövlət başçımızı təbrik edir, ona can sağlığı arzulayır, fəaliyyəti, hər addımı ilə bizə, bütün Azərbaycana, onun idmanına qayğısına görə təşəkkür edirəm. Bir daha qonaqlarımızı salamlayır, maraqlı mübarizə olacaq yarış izləməyi arzulayıram. Sağ olun!”
Nitqlər bitdikdən sonra təqdimat mərasiminə keçildi. “Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərov Türkiyə Ağır Atletikasının prezidenti Tamer Taşpınar, üçqat Olimpiya çempionu, “Zirvə”nin yaxın dostu Halil Mutlu, “Altınpark”ın sahibi olan ANFA Şirkətlər Qrupunun rəhbərliyi, həmçinin Ankara Böyük Şəhər Bələdiyyəsi nümayəndəliyinə təşəkkür plaketləri verdi. Bununla yanaşı, Heydərov Türkiyə Cüdo Federasiyasının prezidenti Fatih Uysal, Azərbaycanlı İş Adamları Birliyinin idarə heyətinin üzvü İlham Abbasov, Azərbaycanın Türkiyədəki Səfiri Faiq Bağırovun təmsilçisinə, həmçinin yarışın sponsorları Əli Cavadov və Vüqar Həbibov, Azərbaycanın böyük uğurlar qazanmış gənc ağır atleti Rüstəm İmanzadənin məşqçisi Anar Qasımova xüsusi xatirə medalları təqdim etdi. Üstəlik, yuxarıda adı çəkilən hər kəsə AAAF Park Yaşayış Kompleksində istifadə üçün “Qızıl Kart”lar verildi. Ki, bu, Kompleksin tarixində ilk belə kartların məhz bu insanlara verilməsi onlara verilən dəyərin göstəricisidir.
Qarşılıq olaraq Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tamer Taşpınar klubumuzun prezidenti Tofiq Heydərov və “Zirvə” İdman Klubunun baş məşqçisi, dünya və Avropa çempionu Hafiz Süleymanova təşəkkür plaketi verdi.
Daha bir böyük hədiyyə Halil Mutluya qismət oldu. Klub prezidentimiz Tofiq Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün qeyd etdiyi ad günü münasibətilə üçqat Olimpiya, dəfələrlə dünya və Avropa çempionu və rekordçusu, “Zirvə”nin dostu olan sabiq atletə AAAF Park Yaşayış Kompleksində üçotaqlı evin açarlarını təqdim etdi.
Sonda açılış mərasimin bədii hissəsi başladı. Türkiyənin tarixi “Mehtərlər komandası” göstərisi salona toplaşanların alqışların səbəb oldu.
Yarışların özünə gəlincə, 8 yaş qrupunda 86 idmançı – 30 qadın və 56 kişi ağır atlet medallar uğrunda mübarizə apardılar. Sinkley cədvəli üzrə keçirilən turnirdə maraqlı mübarizənin şahidi olduq. Hər çəki, hər xal uğrunda rəqabət bizlərə xoş anlara yaşatdı. İki günün sonunda Gamze Yayla (Türkiyə), Anastasiya Romanova (Ukrayna), Prişepa Natalya (Moldova), Manafov Yaqub (AZƏRBAYCAN), Ahmet Çağlar (Türkiyə), Dadaş Dadaşbəyli (AZƏRBAYCAN), Andrian Zbirnea (Moldova) və Andriy Gentoş (Ukrayna) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.
İdmançıların fərdi qələbələriylə yanaşı, komanda hesabında da sıralama müəyyən edilmişdi. Üzvlərinin yarışda topladıqları Sinkleyr xalları toplanması üsulu ilə qalib adını “Abşeron-Zirvə” Klubu qazandı. Bu komandanın 7 üzvü toplamda 2 178.55 xal toplayaraq bütün rəqiblərini üstələdilər.
Ənənəyə uyğun olaraq hər yarışında sonunda keçirilən banketdə bu kluba Çempionluq Kuboku təqdim edildi. Mükafat klubun baş məşqçisi Ağakərim Kərimova “Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərov tərəfindən verildi.
Bununla yanaşı, həmin mərasimdə ikinci yeri tutan “Ankara-Zirvə” (Yasin Arslan) və üçüncü olan “Samux-Zirvə”nin (Abdalov Rayət), həmçinin növbəti üç yeri tutan klublara da kuboklar təqdim olundu. Böyük dostluq və yüksək əhval-ruhiyyə içində keçən bu bağlanış mərasimində yaşanan xoş anlar idmançılar, məşqçilər, ümumilikdə bütün yarış iştirakçıları üçün unudulmaz bir xatirə kimi qaldı.
Klubların son sıralaması ilə aşağıdakı cədvəldə tanış ola biləcəksiniz. İlk üç yeri tutan komandaların baş məşqçilərin fikirləri də maraqlı oldu. İlk olaraq, bürünc mükafatı sahibi, “Samux-Zirvə” klubunun baş məşqçisiAbdalov Rayət turnir haqqında fikirlərini bölüşdü: “Üçüncü yeri tutmağımız xoş oldu. Yetimələrimin çıxışı məni qane etdi. Düzdür, daha yaxşı da yarışa bilərdik. Gülçin Əlizadə zədə üzündən formasından bir qədər uzaq idi. Bu olmasaydı, fərqli nəticə də ola bilərdi. Ancaq bürünc mükafat da bizim uğurumuzdur. Komandamız bu yarışa yaxşı hazırlaşmışdı və əziyyətimizin nəticəsini də gördük. Bu dünya çempionatı ən yüksək standartlara uyğun keçirildi. Bütün şəraitlə təmin olunduq, heç bir problemimiz olmadı. Bütün bunlara görə, klubumuzun prezidenti Tofiq Heydərova təşəkkür edirəm!”
Gümüş medallar “Ankara-Zirvə”nin hesabına yazıldı. Klubun baş məşqçisi, sabiq ağır atlet Yasin Arslan da hər şeydən razı görünürdü: “Hələ avqustda turnirə qatılanda yer tuta bilməmiş, kubok qazanmamışdıq. Bu dəfə qarşımıza məhz medalçılar sırasında olmağı məqsəd qoyduq. Şükürlər olsun ki, istəyimizə çatdıq. Bu yarışda iştirakın özü belə böyük fəxr idi. Klubumuzun prezidenti Tofiq Heydərova təşəkkür edirəm ki, belə bir çempionatının təşkilini etdi. Çox yüksək səviyyəli bir turnirin şahidi olduq. İstər yarışın özü, istərsəd də ondan kənarda görülən işlər alqışalayiq idi. Biz də bu böyük ailənin bir parçası olmaqdan qürur duyuruq. Çalışacağıq ki, uğurlarımızın davamı gəlsin”.
Qızl medallar isə qeyd etdiyimiz kimi, “Abşeron-Zirvə” klubuna qismət oldu. Baş məşqçi, gənc mütəxəssis Ağakərim Kərimov hisslərini belə ifadə etdi: “Qalib gəlmək çox xoşdur. Bizim komanda yaxşı idmançılardan təşkil olunmuşdu. Qarşımızdakı məqsəd yalnız çempionluq idi ki, buna da nail olduğumuza görə sevinirəm. Bu dünya çempionatında güclü rəqabət vardı. Bir çox ölkələrdən gələn idmançılar qələbə uğrunda sona qədər mübarizə apardılar. Bu səbəbdən də qızıl medalı qazanmağımız bizim üçün gələcək yarışlarda böyük stimul olacaqdır. “Zirvə” İdman Klubu Azərbaycanın ən güclü klublarındandır və bu çempionatın təşkili səviyyəsi bunu bir daha göstərdi. Klubumuzun prezidenti Tofiq Heydərova təşəkkür edir, gələcək yarışlarda da onun etimadını doğruldacağımıza inanırıq”.