"At ili"nin “qurbanları": Dünyasını dəyişən məşhur idmançılar - SİYAHI

01:09 2 Yanvar 2015

Geridə qalan 2014-cü il bir çox idmançının həyatına son qoydu. Daha çox bədbəxt hadisələrlə yadda qalan “at ili”nin “qurbanları” yetərincə tanınmış simalar oldu.

Eysebio – “At ili” yaxşı başlamadı. 2014-cü ilin ilk günlərində, daha dəqiq desək, yanvarın 5-də əfsanəvi futbolçu Eysebio dünyasını dəyişdi. DÇ-1966-nın bürünc mükafatçısı, 11 qat Portuqaliya çempionu və bir çox turnirlərin qalibinin ölümü sürpriz oldu. 72 yaşında gözlərini əbədi yuman Eysebio təkcə Portuqaliyanın deyil, dünya futbolunun tarixində həmişəlik qalacaq.

Vüqar Həşimov – Bu ilin yanvarın 11-i Azərbaycan idmanı üçün kədərli gün oldu. Belə ki, şahmatçı, qrossmeyster Vüqar Həşimov beyin xərçəngindən dünyasını dəyişdi. O, müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında gözlərini yumdu.

Luis Araqones – 2014-cü ilin növbəti “qurbanı” AÇ-2008-də İspaniya yığmasını çempion etmiş Araqones oldu. Futbolçu kimi daha çox “Atletiko”dakı çıxışı ilə yadda qalan ispan məşqçi 76 yaşında dünyasını dəyişdi.

Maykon Pereyra – “Şaxtyor”da tam məşhurlaşmağa imkan tapmayan braziliyalı futbolçunun ölümü daha çox təəssüf doğurdu. 26 yaşlı Pereyra avtoqəza nəticəsində dünyasını dəyişdi.

Raisa Mixaylova – SSRİ-nin keçmiş qadın basketbolçusu olan Raisa Mixaylova da bu il gözlərini əbədiyyata yumdu. Üçqat Avropa və dünya çempionu 77 yaşında həyatla vidalaşdı.

Manuel Pastor Torres – Karyerası ərzində yalnız “Saraqosa” və Madrid “Real”ında oynamış Torres üçün də 2014-cü il sonuncu il oldu. O, martın 14-də, 84 yaşında dünyasını dəyişdi.

Tito Vilanova – Onun gec-tez öləcəyi məlum idi. Çünki xərçəng xəstəliyindən əziyyət çəkirdi. “Barselona”nın sabiq baş məşqçisi əməliyyatdan sonra çox yaşamadı. Aprelin 25-də həyatla vidalaşan Vilanovanın ömür kitabı 45 səhifədən ibarət oldu.

Fernandao – Libertadores Kubokunun qalibi futbolçu kimi o qədər də məşhurlaşa bilmədi. Avropada “Marsel”in heyətindəki çıxışı belə, onu ulduza çevirmədi. Amma ölümü ilə Fernandao futbol ictimaiyyətini məyus etdi. Braziliya yığmasında cəmi 1 oyun keçirən futbolçu 36 yaşında helikopter qəzasında faciəvi şəkildə dünyasını dəyişdi.

Alfredo di Stefano – Madrid “Real”ının əfsanəvi futbolçusunun iyulun 7-də ölüm xəbəri yayıldı. Karyerası ərzində 3 müxtəlif yığmanın (Argentina, Kolumbiya və İspaniya) formasını geyinən di Stefano 88 yaşında həyatla vidalaşdı.

Helen Cons – 1932-ci ildə keçirilən olimpiadada çempion olmuş Consun 100 yaşını qeyd etməsinə 2 ay, 2 günü çatmadı. Keçmiş qadın üzgüçü də bu il ölənlərin sırasına əlavə olundu.

Ələkbər Məmmədov – Siyahıda azərbaycanlı idmançının da adı var. Əfsanəvi futbolçu, Moskva “Dinamo”sunun heyətində 4 dəfə SSRİ çempionu adını qazanmış Ələkbər Məmmədov iyulun 28-də, 84 yaşında dünyasını dəyişdi.

Valentin Belkeviç – Avqustun 1-də daha bir tanınmış idmançının ölüm xəbəri yayıldı. Söhbət Azərbaycanda da legioner həyatı yaşamış, Kiyev “Dinamo”su və Belarus yığmasının sabiq futbolçusu Belkeviçdən gedir. Ölüm onu 41 yaşında yaxaladı.

ailem.az


Digər xəbərlər

Xəbər xətti