Yeni il bayramının ən əsas rəmzi Şaxta Baba olduğundan, bu obrazlı insanları son günlərin ən populyar siması saymaq olar. Gencaile.az saytı bəzi yerli və əcnəbi futbol adamları ilə əlaqə saxlayıb Azərbaycan futbolunun Şaxta Babasını seçməyi xahiş edib. Görək, kim hansı həmkarını Şaxta Baba obrazına uyğun görür:
Ceyhun Sultanov ("Sumqayıt”ın baş meneceri):"Boyu bir az hündür olsa, Ramal Hüseynov olardı. Əsas odur ki, saqqalı və uzun saçı var. Danışmağa da yaxşıdır. Yeganə problem boy məsələsidir ki, onu da dartıb uzatmaq olar".
Elbrus Məmmədov ("Xəzər Lənkəran”ın baş məşqçisi): "Mən bu baxımdan Sumqayıt futbol məktəbinin yetirməsi olan Samir Abasovun adını çəkə bilərəm. Çünki o, Şaxta Baba kimi soyuqqanlıdır".
Cavid İmamverdiyev ("Elazığspor”un yarımmüdafiəçisi): "Məncə, "Neftçi”nin və milli komandamızın müdafiəçisi Elvin Yunuszadənin Şaxta Babaya oxşarlığı var. Ondan yaxşı şaxta baba çıxar".
İlqar Qurbanov ("Qarabağ”ın müdafiəçisi): "Mən Şaxta Baba obrazında komanda yoldaşım Vüqar Nadirovu görürəm".
Cüneyt Biçər ("Xəzər Lənkəran” və "Bakı”nın sabiq çalışdırıcısı): "Şaxta Babanın saçı və saqqalı ağ olur. Amma azərbaycanlı futbolçular qarabuğdayı və qara saçlı olduğundan Şaxta Baba obrazına o qədər də uyğun gəlmirlər. Bu baxımdan az-çox hazırda Türkiyədə çıxış edən Branimir Subaşiçi fərqləndirərdim".
Amil Ağacanov ("Simurq”un qolkiperi): "Bu obraz üçün komanda yoldaşım Samir Zərgərovu uyğun görürəm".
Nurlan Novruzov ("Bakı”nın hücumçusu): "Məncə, hazırda "Qəbələ”nin uğurları üçün çalışan Cavid Hüseynov Şaxta Baba rolunun ən yaxşı ifaçısı olardı".
Ruslan Tağızadə ("Qəbələ”nin müdafiəçisi): "Şaxta Baba kimi Cavid İmamverdiyevi görürəm. Onun Türkiyəyə gedəndən sonra saqqal saxlaması belə düşünməyimə səbəbdir. Bundan başqa, Şaxta Baba kimi rəngli, xüsusən qırmızı paltarlar geyinməyi xoşlaması da onu Şaxta Babaya oxşatmaq üçün əsasdır".
Kamal Bayramov (AZAL-ın qapıçısı): "Mənim fikrimcə, "Bakı”nın oyunçusu Cəmşid Məhərrəmovdan yaxşı Şaxta Baba çıxar. Demək olar ki, o, artıq babadır. Qalır onun əvvəlinə "şaxta" sözünü əlavə etmək".
Emin Mustafayev (klubsuz): "Mən bu obraza uyğun gələn futbolçu kimi "Simurq”un üzvü Əli Gökdəmiri görürəm. Şaxta Babaya oxşar xüsusiyyətlərinin olması belə düşünməyə əsas verir. Həm xarici görünüş baxımından, həm də zarafatcıl olması səbəbindən onun adını çəkirəm. Bundan əlavə, səsinin qalın olması da Şaxta Babaya oxşarlığının əlamətidir".
Fərrux İsmayılov ("Bakı”nın məşqçisi): "Məncə, Şaxta Baba obrazı Samir Musayevə yaraşar".
Samir Musayev ("Qarabağ”ın məşqçisi): "Məncə, "Qəbələ”nin və milli komandamızın qapıçısı Kamran Ağayev ola bilər".
Amit Quluzadə (Portuqaliya "Atletiko”sunun üzvü): "Gülərüz olduğundan "Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov uyğun gəlir".
Saşa Yunisoğlu (klubsuz): "Bu obraza Ruslan Əmircanovu uyğun görürəm. Məncə, əgər olduqca zarafatcıl insan olan Əmircanov Şaxta Baba olsa, çox maraqlı yeni il gecəsi keçirmək olar. Bundan başqa, Vaqif Cavadovu da qeyd edə bilərəm. Millimizin üzvü Şaxta Baba olsa, onda hədiyyələr bol olacaq, çünki Cavadov çox ürəyiaçıq oğlandır. Yox, əgər Elvin Əliyev Şaxta Baba olsa, o zaman 100 faiz heç bir hədiyyə qazanmaq olmayacaq. İnşallah, heç kim məndən inciməz, çünki bütün bunlar bir zarafatdır".