AAAF PARK iki idmançı və bir məşqçiyə mənzil hədiyyə etdi - FOTOLAR

13:26 2 Yanvar 2015

Yeni ilin son günündə “Zirvə İdman Kompleksi” MMC-nin konfrans zalında “Zirvə” İdman Klubu və onun beynəlxalq layihəsi olan Zirve İnternational Sport Clubs-ın 2014-cü ildəki fəaliyyəti barədə yekun iclas keçirildi. Klubumuzun məşqçi və texniki heyətinin, eləcə də rəhbər şəxslərin iştirak etdiyi tədbiri direktor Rizvan Rəsulov açıq elan etdi.

O, ilk olaraq ötən il, daha sonra isə son dörd ildə “Zirvə”nin fəaliyyətinin inkişaf istiqamətlərini, qazanılan uğurlar haqda məlumat verdi: “2014-cü il “Zirve İnternational Sport Clubs” üçün uğurlu illərdən biri olmuşdur. Belə ki, ilin 4 ayı kimi fəaliyyətini davam etdirərək sona çatdırmış “Zirvə” idman klubu öz fəaliyyət sahəsini genişləndirərək “Zirve İnternational Sport Clubs” MMC-yə çevrilmişdir. Hesabat dövrü ərzində klubun idman qurğularında ağır atletika, cüdo, gimnastika, futbol və aykido idman növləri ilə bərabər, bədən tərbiyəsi və sağlamlıq sahəsində fitnes məşğələləri də fəaliyyət göstərmişdir. Qeyd olunan idman növləri üzrə məşğələlərin aparılması və müxtəlif xarakterli yarışların keçirilməsi üçün ZİSC və ZİK-in tabeçiliyində olan idman qurğuları mütəmadi fəaliyyət göstərmişdir. Bunlardan, AAAF Parkın daxilində şərait və infrastruktur baxımından unikal olan Ağır atletika mərkəzi, Gimnastika zalı, mini-futbol meydançası, fitness mərkəzi, Lənkəran, Lerik, Aşağı Nüvədi-Zirvə Ağır Atletika zalları və Samux, Sumqayıt, Masazır-Zirvə idman klubları ilə bərabər, Moldova və Ankara Altınpark-Akarsu qapalı idman kompleksini qeyd etmək olar. 2015-ci ildə isə Astara ağır atletika və idman-istirahət kompleksində işlər tamamlanaraq Astara yeniyetmələrinin və gənclərinin tam istifadəsinə veriləcəkdir. Bundan başqa 2015-ci ildə ZİSC MMC hal-hazırda istifadəyə verilmiş şahmat, üzgüçülük, böyük tennis kortu fəaliyyətə başlayacaqdır. Hesabat ili ərzində ən əlamətdar hadisələrdən biri də “Zirvə Uşaq İdman Akademiyası”nın və “Zirvə Liseyi”nin fəaliyyətə başlaması oldu. Hazırda Zirvə Uşaq İdman Akademiyası və Zirvə Liseyində 200-dən çox uşaqlara təcrübəli müəllimlər tərəfindən tərbiyə, təlim və tədris prosesləri keçirilir. Sevindirici hallardan biri də, “Zirvə Liseyi”ndə ağır atletika idman növü ilə məşğul olan və gələcəkdə Beynəlxalq yarışlarda ümidverici nəticələr göstərəcək 12-15 yaşlı uşaq və yeniyetmələrin təhsil almasıdır. Məhz yaxın illərdə “Zirvə liseyi”ndə idman təmayüllü siniflərin təşkili ZİSC-ın ana xəttlərindən biri olacaqdır. 2010-2014-cü illər ərzində Zirvə idman klubu Azərbaycan Respublikasının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Lerik, Neftçala, Goranboy, Qazax, Yevlax, Qobustan, Masazır və Xırdalan şəhərini birləşdirən 4 zona üzrə ZİK-in yarışları keçirilmişdir. Bu yarışlarda, 2010-cu ildə – 217 nəfər, 2011-ci ildə 302 nəfər, 2012-ci ildə 275 nəfər, 2013-cü ildə 376 nəfər, 2014-cü ildə isə “Zirvə İnternational Sport Clubs”-ın bayrağı altında Azərbaycan klublarının iştirakı ilə 552 idmançı, Moldova, Bolqarıstan, Polşa, Türkiyə və Ukrayna klubları üzrə isə 249 nəfər ,ümumilikdə isə 801 nəfər idmançı iştirak etmişdir.
2011-2014-cü illər üzrə Azərbaycan birincilikləri və çempionatlarında ümumi 128 medal qazanılmışdır ki, onlardan,
52 qızıl, 44 gümüş 32 bürünc medaldır.
2011-ci ildə 9 qızıl,9 gümüş,6 bürünc (24)
2012-ci ildə 9 qızıl,3 gümüş,4 bürünc (16)
2013-ci ildə 19 qızıl,15 gümüş,14 bürünc (48)
2014-ci ildə 15 qızıl, 17 gümüş,8 bürünc (40 ) medallar qazanılmışdır.
Qazanılmış əyarların 20-si ZİK-in 11 qadın atleti tərəfindən əldə edilmişdir.
“Zirvə” İK atletlərinin 2010-2014-cü illər ərzində Beynəlxalq arenalarda əldə etdikləri nəticələri sizin diqqətinizə təkrarən çatdırmaq istəyirəm. Belə ki, hər il klub ilin sonunda bu nəticələri qeyd etmiş və fərqlənmiş atletləri layiqincə qiymətləndirmişdir.

2010-cu il: 2 qızıl, 8 gümüş.
2011-ci il: 5 qızıl, 2 bürünc.
2013-cü il: 13 qızıl, 7 gümüş, 12 bürünc və 7 dünya və Avropa rekordu.
2014-cü il: 3 qızıl, 3 gümüş, 5 bürünc”.
Rəsulov çıxışını bitirərkən tədbirdəki məşqçilərə müraciət edərək, 2015-ci ildə milli komandaya idmançı verərkən klubun icazəsini almağın vacibliyini qeyd etdi. O, yalnız Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən klubumuza idmançının dəvəti ilə bağlı məktub ünvanlandıqdan sonra və həmin atletin Klubun hesabına dopinq analizlərinin nəticələrindən sonra baş verə biləcəyini, analiz nəticələrinə görə hər bir məşqçinin məsuliyyət daşıyacağını bildirdi.
Sonda 2014-cü ildə fərqlənən idmançılarımız və onların məşqçiləri müxtəlif mükafatalarla təltif olundular. Belə ki, Kiprin Limassol şəhərində keçirilən U-20 və U-23 gənclərin Avropa çempionatında iştirak edən və birdən qaldırmada bürünc medal qazanan Rüstəm İmanzadə və onun məşqçisi Anra Qasımov, həmçinin həmin yarışda toplamda bürünc medal qazanan Anastasiya İbrahimlinin məşqçisi Hafiz Süleymanov, cüdo üzrə Azərbaycan çempionatında qızıl medal qazanaraq Avropa Oyunlarında çıxış etmək hüququ əldə edən “İsmayıllı-Zirvə” təmsilçisi Günel Həsənli və onun məşqçisi Şəfəqətov Əkbər pul mükafatı əldə etdilər.
Ən böyük hədiyyəni isə Kiprdəki Avropa çempionatında uğur qazananlar aldılar. Bu yarışda bürünc medal əldə edən Anastasiya İbrahimli, həmçinin gümüş medala layiq görülən Dadaş Dadaşbəyli və onun məşqçisi Şəmsi Səfərli AAAF Park Yaşayış Kompleksində mənzillə təltif edildilər.
Bütün mükafatları “Zirvə İdman Kompleksi” MMC-nin direktoru Ruslan Xanverdiyev təqdim etdi.
Klubumuz növbəti dəfə idmançılar və onların məşqçiləri, ümumiyyətlə, sağlam həyat tərzi sürmək, ölkəmizə layiqli vətəndaş olmaq istəyən insanlara daima dəstək olduğunu, bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini göstərdi.
Mükafat əldə edən hər bir idman adamını təbrik edir, onlara qarşıdakı daha böyük yarışlarda uğur qazanmalarını arzulayırıq!


Digər xəbərlər

Xəbər xətti