Stiven Cerardın "Liverpul"dan ayrılacağı dəqiqləşib.
Sportarena.az xəbər verir ki, 34 yaşlı əfsanə klubun rəsmi saytına açıqlamasında yayda komanda ilə vidalaşacağını təsdiqləyib. Cerard bu bu cür qərar qəbul etməyin çox çətin olduğunu söyləyib:
"Həyatımın ən çətin qərarı oldu. Açıqlamanı indi vermək istədim. Çünki mövsüm ərzində çıxan söz-söhbətlər komandaya ziyan vura bilər. "Liverpul" həyatımın böyük bir hissəsidi. Ona görə də "əlvida" demək çox çətindi".
Təcrübəli yarımmüdafiəçi karyerasını hansı klubda davam etdirəcəyi ilə bağlı isə bunları deyib: "Oynamağa davam edəcəm. Hazırda harada oynayacağımla bağlı bir söz deyə bilmərəm. Amma bunu nəzərinizə çatdırım ki, oynayacağım yerdə "Liverpul" rəqibim olmayacaq".
Sonda Cerard "Liverpul" azarkeşlərinə təşəkkür edib: "Qəbul etdiyim qərar sadəcə, karyeramda fərqli həyəcan yaşamaq istəyimlə bağlıdı. Sonradan peşman olmamaq üçün bu addımı atdım. Son olaraq "Liverpul"u dəstəkləyənlərə mesajım var: siz dünyanın ən yaxşı azarkeşlərisiz".
Qeyd edək ki, "Liverpul"un yetirməsi olan Cerardın karyerası ancaq bu komanda ilə bağlıdı. 1998-ci ildə "mersisaydlılar"ın əsas heyətində debüt edən yarımmüdafiəçi 494 oyunda meydana çıxıb və 116 qol vurub.