"İnter"in yeni transferi Əfran İsmayılovun müsahibəsi
- Niyə məhz "İnter"?
- İlk təklif məhz bu komandadan gəldi. Təklifin sərfəli olduğunu da etiraf edirəm. İddialı klubdur, hər il avrokuboklara vəsiqə, çempionluq uğrunda mübarizə aparırlar. "İnter"də oynamaqla avrokuboklarda çıxış etmək üçün daha çox şansa malik olacağam. Kaxaber Sxadadze amili də qərarıma təsirini göstərdi. O, çoxdan idi məni öz komandasında görmək istəyirdi.
- Amma o, tezliklə özü bu klubu tərk etməli olacaq...
- Əlbəttə, bu, mənim üçün də pis olacaq. Ola bilər ki, bu amil mənim də altı aydan sonra "İnter"dəki taleyimə təsir göstərsin.
- Müqavilənin altı aylıq olması buna hesablanıb?
- Yayda mümkündür ki, mən Türkiyəyə gedim. Fikrimcə, artıq xaricdə oynamağın vaxtıdır. Mənim yenicə dünyaya göz açmış övladım olduğuna görə müvəqqəti gözləməli oldum. Amma yayda Türkiyə klubu ilə danışıqlara gedə bilərəm.
- Hansı klubla?
- PTT 1-ci Liqa klubları da var. Daha bir real təklif isə Super Liqa təmsilçisindəndir. Orada oynamaq istərdim. Amma indi bu barədə danışmaq tezdir. "İnter"də qalmağım da istisna deyil.
- "Qarabağ"dan ayrıldıqdan sonra sizin nə "Bakı"dakı, nə də "Xəzər Lənkəran"dakı karyeranız uğurlu alındı. Niyə?
- Özünüz də hər şeyin şahidi olmusuz. Hər iki klubda maliyyə problemləri səbəbindən siyasəti dəyişdirmək məcburiyyətində qalıblar. Yəni burada məndən asılı bir şey yoxdur. Sadəcə, bəxtim gətirmir.
- 2015-ci il sizin üçün düşərli ola bilər?
- Olmalıdır. Ümid edirəm ki, "İnter"ə keçidim bu yolda mənim üçün tramplin olacaq. Bu klubda uğurlu olmaq istəyirəm.
azerisport