“Azərbaycan çempionatına tez uyğunlaşdım. İlk vaxtlar yaxşı maaşım vardı. Hətta ayın ən yaxşı oyunçusu da seçildim”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Bakı”nın sabiq oyunçusu Marius Pena Rumıniyanın “Fanatik” nəşrinə müsahibəsində deyib.
Marius Pena 2013-14 mövsünda “Bakı”da çıxış edib. O, 30 oyunda 6 qol vurub.
Rumıniyalı futbolçu deyib ki, Azərbaycan Premyer Liqasıda uğurlu çıxış etdiyi bir vaxtda zədə alıb, sonra komandada baş məşqçi dəyişikliyi olub: “Yeni məşqçi mənə etimad göstərmədi. Azərbaycanda legionerlərə güclü təzyiq var. “Xəzər Lənkəran”la oyundan sonra çoxlu tənqid olundum”.
Marius Pena etiraf edib ki, Azərbaycanda karyerasının zirvəsində olan legioner futbolçular oynamırlar: “Yalnız karyerasında çətin günlər keçirən əcnəb futbolçular bu ölkəyə gedirlər. Azərbaycanda futbola yaxşı sərmayə qoyulub”.
Pena bildirib ki, “Styaua”dan təklif alsa da, sərfəli təklif səbəbindən “Bakı”da oynamağı üstün tutub.
“Mən “Bakı”nın sahibini görməmişəm. O, az halda bizim oyunlara gələrdi. Gələndə isə onun üçün ayrılmış skayboksda otururdu. O, öz işi ilə çox məşğul idi. Bir dəfə də yadıma gəlmir ki, o, bizimlə görüşsün, yanaşı otursun. Oyunlara gələndə də stadiondakı otağından baxar, heç vaxt paltardəyişmə otağına girməzdi. "Neftçi"ni 3:0 hesabı ilə məğlub etdiyimiz görüşdən sonra o, otağının balkonuna çıxdı və bizə əl yellədi. Sonra da sözünü yerinə yetirdi. Hərəmizə 2000 dollar mükafat verdi. Lənkəranda uduzduğumuz qarşılaşmadan sonra isə o, yaxşı oynadığımızı, amma hakimin səhvləri üzündən yenildiyimizi bildirdi”. Pena hazırda sabiq klubu “Bakı”nın maddi vəziyyətinin yaxşı olmadığını bildiyini və buna üzüldüyü deyib.
Qeyd edək ki, hazırda Pena Rumıniyanın “Konkordia” klubunda çıxış edir.