“Xəzər Lənkəran”dan ayrılan rumıniyalı müdafiəçi Manuel Skarlatakenin “Qafqazinfo”ya müsahibə verib.
- “Xəzər Lənkəran”dan ayrıldığınız deyilsə də, Bakıdasınız...
- İlk dövrənin son oyunundan sonra komanda istirahətə buraxıldı. Mən də istirahət üçün Sinqapura getmişdim. Ordan da qayıdış biletim Bakıya idi. Həm də mənim komandada baş verənlərdən xəbərim yox idi. Heç kim də mənə deməmişdi ki, klubdan ayrılacaqsan. Onun üçün Azərbaycana gəldim.
- Klub rəsmiləri ilə görüşdün?
- Onlarla görüşdüm və mənə dedilər ki, biz strategiyamızı dəyişmişik. Sən yaxşı futbolçusan, amma özünə başqa klub tapmalısan. Biz sənə pul verə bilməyəcəyik. Həm “Xəzər Lənkəran” üçün, həm də sənin üçün başqa komanda tapmaq daha yaxşı olar. Mənim də onlarla heç bir problemim yoxdu. Kağızımı aldım və komandadan ayrıldım.
- Deyilənə görə klubdan futbolçulara azaldılmış maaş qarşılığında komandada qalmaqı təklif olunub...
- Mənə belə bir təklif olmadı. Əgər olsaydı, problem olmazdı. Düzdür, bir legioner futbolçunun burada yaşaması üçün pul lazımdı. Amma indiki halda mənim üçün pul önəmli deyil. “Xəzər Lənkəran”da az maaş qarşılığında qalmağım təklif olunsaydı, heç yerə getməzdim. Çünki bu komanda mənim üçün doğmadı. Hər şey ürəyimcədir. Sadəcə onlar istəmirlərsə, necə qala bilərəm ki?
- “Xəzər Lənkəran” sizi satışa çıxarıb?
- Yox, mənə dedilər ki, sən azad agentsən.
- Amma klub əksini deyir...
- İnanmıram ki, məni satışa çıxarsınlar. Çünki onlar hələ mənə 2 aylıq maaşımı verməyiblər. Amma mən onlarla pul söhbəti etməmişəm. Həmçinin mən qalmaq istəyirəm. Klub məni heyətində görmək fikrində deyil. Mənim hər kəslə klubun prezidenti Mais Mənsimovla, vitse-prezidenti Tuyqun Nadirovla, eləcə də digər rəsmilərlə yaxşı münasibətlərim var. Düşünmürəm ki, nə onlar mənə problem yaradacaqlar, nə də mən onlara problem yaradacam. İndiyə qədər oynadığım heç bir klubda problem yaşamamışam.
- Azərbaycan qalmaq, yoxsa buranı tərk etmək istəyirsiniz?
- Azərbaycana öyrəşmişəm. Burada hər şey məni qane edir. İstəyirəm ki, burada başqa klubda da olsa, qalım. Çünki mənim üçün indiki vəziyyətdə bu seçim daha yaxşı olar. Bakıda hər şey məni qane edir.
- Premyer Liqa klublarından təklif almısınız?
- Hələ ki, real olan nəsə yoxdu. Amma ümidvaram ki, hər şey yaxşı olacaq. Premyer Liqada o qədər yaxşı klublar var ki. Məsələn, “Qarabağ”, “İnter”, “Qəbələ” və s.
- Niyə “Neftçi”nin adını çəkmədiniz?
- (Gülür). Bu barədə danışmaq belə çətindi. İnanmıram ki, nə vaxtsa, “Neftçi”də oynayam. Çətindi. Axı həmişə onlara əzəli rəqib kimi baxmışam. Yox, bu barədə danışmaq belə istəmirəm.
- Böyük ehtimalla cənub klubunu tərk edəcəksiniz. “Xəzər Lənkəran” sizin üçün nələrlə yadda qaldı?
- Üç il yarım az müddət deyil. Bu klub üçün həmişə əlimdən gələnin ən yaxşısını etmişəm. “Xəzər Lənkəran” böyük camiəsi olan klubdu. Stadion, azarkeşlər – hər şey yaxşıdır. Amma komandanın nəticə qazanmaması yeganə problem idi. İndi bunun səbəbini soruşacaqsınız ki, niyə istədiyiniz uğurları əldə edə bilmirdiniz? Deyim ki, bunu hələ də anlaya bilmirəm. Bu 3 il müddətdə o qədər yaxşı oyunlarımız olub ki, amma xallar itirmişik. Biz də bunu istəmirdik. Bəlkə də baş məşqçi dəyişiklikləri komandaya təsir edirdi. 3 ildə 6 baş məşqçi dəyişdik. Con Toşak, Mustafa Dənizli kimi əfsanələr gəldi. Amma onlar da bu komandanı “qara zolaq”dan çıxara bilmədilər.
- Burada keçirdiyiniz ən gözəl mövsümü yəqin ki, Mirça Rednikli dönəmi xatırlayırsız?
- Əlbəttə. Tarixini bəlkə də ən güclü “Xəzər Lənkəran”ı olmuşdu. Hər oyuna ancaq qələbə üçün çıxırdıq. İstənilən komandaya qalib gələ biləcək gücdəydik. Mövsümün sonunda onunla kuboku qazandıq, çempionatda ikinci olduq. Lakin ondan sonra klubdan ayrıldım və müqavilə ilə məxsus olduğumu “Dinamo”ya (Buxarest) getdim. Əslində yenidən geri dönməli idim. Amma rumın klubu mənim Azərbaycana qayıtmağım üçün “Xəzər Lənkəran”dan 1 milyon avro pul istədi. Ona görə də orada qalmağa məcbur oldum. Növbəti dəfə “Xəzər Lənkəran”a gələndə isə artıq baş məşqçi Yunis Hüseynov idi. Onunla da pis başlamadıq. Hətta Avroliqada da mərhələ keçdik. Polşanın “Lex” klubuna uduzduq.
- Həmin oyuna görə Kamran Ağayevi “Xəzər Lənkəran”dan qovdular...
- Məğlubiyyət tək onun səhvi deyildi ki. Qapıçı “robot” deyil ki, heç vaxt səhv eləməsin. Artıq hamısı geridə qalıb. İndi qarşıdakı karyeram haqqında düşünməliyəm. Mənim artıq 28 yaşım var. 3-4 ildən sonra futbolla vidalaşacağam. Nə oynadım, bu 3-4 ildə oynadım. Sonra isə məşqçi olacam. Ən böyük istəklərimdən biri “Xəzər Lənkəran”da məşqçi kimi işləməkdir. Təbii ki, karyeramı başa vurandan sonra.
- Mustafa Dənizlini “Xəzər Lənkəran”da olan zaman bir neçə rumın futbolçunu transfer edəcəyi deyilirdi. Bu məsələlərdə sizdə ona kömək edirdiniz?
- Bəli. Məsələn, “Rizəspor”da oynayan Florin Çernatla mən danışmışdım. Antalyada onlarla yoxlama oyunu keçirdik. Həmin matçdan sonra Dənizli mənə dedi ki, Çernatla danış, gör bizim komandada oynamaq istəyir? Mən də onunla söhbət etdim. O, Azərbaycana gəlməyə razı idi. Lakin o yüksək məbləğ istədi və “Xəzər Lənkəran” tərəfi buna razı olmadı. Nəticədə həmin keçid baş tutmadı.
- Bəs, rumıniyalı qapıçı Kristiyan Belqradyen?
- Onunla da danışmışdıq. Belqradyenin də keçidinə pul mane oldu. Yəni maaş məsələsində razılığa gəlmədilər. Oğuz Çətinin dönəmində də o bura gələ bilərdi. Amma Cahangir Həsənzadənin transferi bunun qarşısını aldı.
- Sonda “Xəzər Lənkəran” azarkeşlərinə və komandaya sözünüz nədir?
- Onları heç vaxt unutmayacağam. Klubla da həmişə münasibətlərim yaxşı olacaq. Çünki bu komanda mənim üçün dəyərlidi. Burda keçirdiyim illəri də xoş xatirələrlə yad edəcəm. İnanıram ki, nə vaxta yenidən burada oynaya bilərəm. Komandaya uğurlar arzı edirəm.