Məlum olduğu kimi, Azərbaycanda idman camiəsinin böyük hissəsi təlim-məşq toplanışları keçirmək üçün məhz xarici ölkələrə üz tuturlar. "Rekord.az" xəbər verir ki, idman federasiyaları və klublar bəzi hallarda Azərbaycanda da hazırlıq prosesi keçirsələr də, əsasən xarici ölkələrdə təlim-məşq toplanışları təşkil edirlər. Bu təlim-məşq toplanışları üçün isə heç də kiçik olmayan maliyyə vəsaitləri tələb olunub.
İdman ictimaiyyətinin niyə xarici ölkələrdə təlim-məşq toplanışlarına üstünlük verdiyini araşdırmaq məqsədi ilə turizim sahəsinin mütəxəssisi, eləcə də bir neçə federasiya rəsmisi və idmançı ilə əlaqə saxladıq.
Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri, Dünya Turizm Təşkilatı Birləşmiş Üzvlərin Avropa üzrə vitse-prezidenti Nahid Bağırov Azərbaycanda otellərin idmançılar üçün təlim-məşq toplanışı baxımından ixtisaslaşmamasının idman qurumlarının otellərə müraciət edərək lazimi şərait istəməməsi və buna görə də təlabat yaranmamasından irəli gəldiyini deyir: “Burada prestij məsələsi əsas götürülür. Məsələn, Türkiyədə çox sayda bu istiqamətdə ixtisaslaşmış otelər olsa da, yenə onların bəzi komandaları xaricdə təlim-məşq toplanışı keçirlər. Yəni təlim-məşq toplanışları üçün ixtisaslaşmış otellər olsa da, olmasa da komandalar hazırlıq keçmək üçün xaricə gedəcəklər. Həm də ölkəmizdə buna təlabat yoxdur. Sahibkar bilməlidir ki, buna təlabat var. Bundan sonra o da otelinin yanında yer varsa, stadionlar da inşa etdirəcək. Məsələn, AFFA və digər böyük idman qurumları otellərə və ya sahibkarlara müraciət etsinlər ki, bu şərtlər yerinə yetirilsə, yəni lazımi şərait yaradılsa, bizim idmançıları hazırlıq keçmək üçün otellərinizdə görə bilərsiniz. Bunun üçün əsas şərtlər - yaxşı otaq, yaxşı qida, camaşırxana kimi keyfiyyətlər Azərbaycanda var. Ancaq bizdə otellərin yanında futbol meydançalarının olmaması ilə razıyam. Bir-iki otelin yanında öz futbol meydançası var. Amma sahibkarlara təklif olsa, əmin olmaq olar ki, onlar belə şərait yaradacaqlar. Oteli inşa etdirən sahibkar, onun yanında meydança və məşq zalları da inşa etdirər.
Xaricdə, məsələn Antalyada otellər çox olduğuna görə rəqabət var və qiymətlər aşağı düşür. Burada o qədər çox otel olmadığına görə, rəqabət də o səviyyədə olmur. Ancaq qeyd edim ki, qiymətlər eynidir. Düzdür, qidalanma Antalyada buradakından ucuzdur, ancaq otaqların qiyməti isə eynidir. Məsələn, bizdə də 40, 50, 60 manata otaqlar var. Bəzən Antalyaya turpaketlərin qiymətini bir nəfər üçün 700 manat qoyurlar. Ancaq bu qiymətə Antalyanın 3 ulduzlu otelində qalmaq nəzərdə tutulur. Onu Azərbaycanın 5 ulduzlu otelləri ilə müqayisə edirlər. Bu isə düzgün deyil.
Azərbaycana individual gələn turistlə, ölkəmizdən qrup şəklində müraciət edən idmançılar üçün oteldə qalmağın qiyməti fərqli olur. Qrup şəklində olan idmançılara qiymətlər 30-40 faiz daha ucuz başa gəlir”.
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədov təlim-məşq toplanışlarının xaricdə keçirilməsinə bir neçə səbəb göstərir: “Əsas səbəb qiymətlər və meydançadır. Məsələn, Türkiyədə təlim-məşq toplanışı üçün hər bir şərait var və xidmət yüksək səviyədədir. Sparriq partnyorlar da daha çeşidlidir. Meydançaların vəziyəti yüksəkdir. Ən əsası hava durumu Antalyada qış üçün daha əlverişlidir".
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev məsələnin daha çox təlim-məşq toplanışı keçmək üçün Azərbaycanda ixtisaslaşmış otellərin olmamasından irəli gəldiyini qeyd edir: “Heç kimə sirr deyil ki, hansı idman növündən asılı olmayaraq təlim-məşq toplanışları üçün ən əsas məsələ lazımi şəraitdir. İdmançının normal oteldə qalması, qidalanması, normal şəraiti olan zalda, meydanda məşq etməsi vacibdir. Təbii ki, idman növlərini eyniləşdirmək də düzgün olmaz. Futbolda vəziyyət başqadır, fərdi növlərdə isə başqa.
Futbol üçün meydança və otelin eyni ərazidə olması şərtdir ki, bu şərait də Azərbaycanda yalnız Qəbələdə mümkündür. Amma yenə də sparrinq rəqib məsələsini nəzərə alaraq klublar və federasiyalar xaricdə hazırlıq keçməli olurlar.
Velosipedçilər üçün isə əsas lazım olan yoldur. Amma bizdə yollarda velosipedçiləri hansı təhlükənin gözlədiyini hamımız yaxşı bilirik və bu səbəbdən də komandalarımız qış hazırlığını ölkə xaricində keçirlər.
Azərbaycanda qapalı məkanlarda təlim-məşq toplanışı təşkil etmək olar. Xidmət yüksək olan yerlərdə isə münasib qiymət məsələsi ortaya çıxır. Bizdəki qiymətlərə baxdıqda isə təbii ki, xaricə getmək daha münasibdir”.
AZAL klubunun qapıçısı Kamal Bayramov isə xaricdə hazırlıq zamanı tam olaraq istədikləri şəraiti tapa bildiklərini bildirir: “Təlim-məşq toplanışı üçün tam olaraq istədiyimiz şəraiti xaricdə tapa bilirik. Məşqləri yüksək səviyyədə yerinə yetiririk. Bu zaman hazırlıq prosesi daha yaxşı nəticə verir. Azərbaycanda oradan da gözəl otellər var. Sadəcə olaraq otellərimizin təlim-məşq bazası yoxdur. Yalnız Qəbələdə hazırlıq keçmək üçün şərait var”.
Avropa və dünya çempionatlarının mükafatçısı, beynəlxalq dərəcəli idman ustası, dünya səviyyəli gimnast Zeynəb Cavadlı isə hər idman növünün özünəməxsus hazırlıq prosesinin olduğunu, hərəsi üçün düzgün yerlərin seçilməsi gərəkdiyini deyir: “Ölkəmizdə bütün idman növləri üçün dünya standartlarına uyğun infrastruktur yaradılıb. Azərbaycan dünya və Avropa çempionatları, Bakı 2015 Birinci Avropa Oyunları kimi irimiqyaslı yarışları qəbul edirsə, bu o deməkdir ki, ölkəmizdə idmançıların bütün yarışlara hazırlıq prosesini təmin etmək üçün şərait var. Belə şərait olmasa, heç bir yarışa ev sahibliyi etmək üçün hüquq qazanmaq olmaz. Regionlarda da lazimi şəraitlər yaradılıb.
Sadəcə olaraq, hər bir idman növünün özünəməxsus hazırlıq prosesi var. Burada hava şəraiti, mühit, otel, qidalanma, bərpa prosesi, fizioterapevtler, avadanlıqlar və s. önəmli məqamlardır.
Məsələn Qəbələdə inşa olunmuş atıcılıq kompleksi Beynəlxalq Atıcılıq Federasiyası tərəfindən dünyanın ən yaxşı atıcılıq kompleksləri siyasınına daxil olunub. Qəbələyə xarici ölkələrdən təlim-məşq toplanışına çoxsaylı heyətlər gəlir. Bu o demək deyil ki, onların ölkəsində şərait yoxdur. Qəbələnin dağların əhatəsində olması idmançıları meqapolis şəhərlərindəki stressdən uzaq tutur, yüksək səviyyədə hazırlıq prosesinə gözəl imkan yaradır.
İdmançıların hazırlığını tam yüksək səviyyədə təmin etmək üçün təkcə gözəl infrastruktur kifayət deyil. Hərtərəfli düşünmək və bütün ehtiyacları təmin etmək lazımdır. Hər mövsümün özünəməxsusluğu var. Buna çox sayda misal göstərmək olar. Şəraitin dəyişməsi, ətraf mühitin psixoloji təsiri də önəmlidir. Dəniz, okean, dağ - bütün bunlar pozitiv təsirlərdir. Çox vaxt təlim-məşq toplanışlarının xaricdə keçirilməsi idmançıların başqa ölkələrin idmançıları ilə müzakirələri, yoldaşlıq görüşləri və təcrübə yığmaları üçün təşkil olunur”.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli də xaricdə təlim-məşq toplanışlarının keçirilməsinin əsasən yoldaşlıq görüşləri və təcrübə üçün təşkil olunduğunu bildirir: “Xaricdə təlim-məşq toplanışları əsasən sparrinq rəqiblərə görə keçirilir. Məsələn Qazaxıstana gedirik, orada yerli boksçularla məşq edir, bir sıra yoldaşlıq görüşləri keçiririk. Azərbaycanda keçirilən yarışlardan öncə isə biz bəzi ölklərin komandalarını bura dəvət edirik. Türkiyə, Qazaxıstan, Kuba kimi ölkələr buna misaldır.
Azərbaycanda hazırlıq prosesini əsasən Qəbələ və Lənkəranda keçiririk. Burada hazırlıq üçün infrastruktur var. Ölkəmizin hər yerində olimpiya kompleksləri var. Lakin bəzən təlim-məşq toplanışlarının keçirilməsi üçün, məhz dağlıq ərazilərə ehtiyac duyulur.
Xaricdə hazılıq keçmək üçün maliyyə vəsaitini nəğd olaraq dərhal ödəmək lazımdır. Ancaq Azərbaycanda maliyyəni sonradan köçürmə yolu ilə də ödəmək mümkündür. Bu, ölkəmizin əlavə üstünlüyüdür”.
Taekvondo üzrə milli hakim, idman jurnalisti Təranə Xudabaxşıyeva da öz növbəsində xaricdə təlim-məşq toplanışlarının əsasən fərqli idmançılarla məşqlər keçirilməsi, onlarla hazırlıq görüşləri üçün təşkil olunduğunu düşünənlər sırasındadır: “Xaricdə təlim-məşq toplanışlarının təşkil olunması fərqli idmançılarla məşq etməyə, yoldaşlıq görüşləri keçirməyə və daha çox da təcrübə toplamağa şərait yaradır. Yerli bazalarda da yüksək səviyyədə idmançılar yetişməsi üçün şərait var. Amma xaricdə fərqli idmançılarla toplanış və yoldaşlıq görüşlərinin keçirilməsi də lazımdır”.
“Qaradağ Lökbatan” klubunun futbolçusu Ramal Hüseynov təlim-məşq toplanışlarının xaricdə keçirilməsini düşərgələrin salındığı otellərdə məşqlər üçün ixtisaslaşmış yüksək səviyyədə şəraitlə əlaqələndirir: “Xaricdə hazırlıq zamanı bu sahə üzrə ixtisaslaşmış otellərdə məskunlaşırıq. Orada məşqlər üçün şərait yüksək səviyyədədir.Təlim-məşq toplanışı üçün hər şey var. Bizdə otellər yaxşıdır, ancaq təkcə bu kifayət deyil. Xaricdə təlim-məşq toplanışları üçün ixtisaslaşmış otellərin 3-4 stadionu, məşq zalları, baseyni, trenajor zalı və s. var. Bizdə hansısa oteldə bir meydança tapsan da, orada məşq etsən, mütləq zədələnəcəksən. Bu zaman fikrini tam şəkildə məşqə cəmləşdirə bilmirsən. Yalnız Qəbələdə hazırlıq keçmək üçün şərait yaradılıb”.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev təmsil etdiyi qurumun qarşılıqlı əməkdaşlıq çərçivəsində xaricdə təlim-məşq toplanışları keçirdiyini qeyd edir: “Azərbaycan güləş yığmaları il ərzində həm ölkə daxilində, həm də ölkədən kənarda təlim-məşq toplanışlarında iştirak edirlər. Paytaxt Bakıda dünya standartlarına cavab verən Olimpiya Güləş Mərkəzi fəaliyyət göstərir. Yığma komandalarımız ilin böyük hissəsində gündəlik məşqlərini, məhz bu mərkəzdə davam etdirirlər. 14 güləş döşəyinin yerləşdiyi mərkəz lazımi idman ləvazimatları və trenajorlarla təchiz olunub. Dünyanın aparıcı güləş komandaları, məhz burada bizim yığmalarla birgə təlim-məşq toplanışlarına can atır.
Azərbaycan Güləş Federasiyasının digər xarici ölkə federasiyaları ilə həm ikitərəfli, həm də Dünya Güləş Birliyi çərçivəsində yüksək səviyyəli münasibətləri var. Əldə olunmuş razılığa əsasən, komandalarımız qarşılıqlı olaraq həm xarici ölkələrdə, həm də paytaxt Bakıda və bölgələrimizdə birgə təlim-məşq toplanışlarında iştirak edirlər.
Birgə təlim-məşq toplanışlarının bir sıra üstün cəhətləri var. Onlardan ən başlıcası rəqibləri tanımaqdır. Bundan başqa, müxtəlif iqlim şəraitinə uyğun olaraq məşq proseslərinin keçirilməsi idmançıların fiziki hazırlığının artmasına müsbət təsir edir”.
Elgün Vidadioğlu, sia.az